media-inshot_20260430_151452695

Dünən Azərbaycan nümayəndə heyəti İrəvana səfər edib. Səfər çərçivəsində Ermənistanın Ağveran qəsəbəsində keçirilən delimitasiya üzrə dövlət komissiyalarının 13-cü iclasında tərəflər bir sıra mühüm məsələlər və layihələr ətrafında razılığa gəliblər. Son dövrlər Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar və intensiv təmaslar prosesin aktiv fazaya keçdiyini göstərir.

Milli Məclisin deputatı Azər Badamov bu görüş və tərəflər arasında artan təmaslarla bağlı fikirlərini Patrul.az-la bölüşüb.

Deputat bildirib ki, 13-cü iclas tərəflərin vasitəçisiz şəkildə sərhəd məsələlərini irəli aparmaq iradəsini göstərən mühüm addım kimi qiymətləndirilir:

“Aprelin 29-da dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 13-cü iclasının keçirilməsi irəliyə doğru atılmış növbəti addım kimi qiymətləndirilməlidir. Məlumdur ki, Ermənistan və Azərbaycan arasında gedən proseslərə müdaxilə etmək istəyən qüvvələr mövcuddur. Bu cür görüşlər isə göstərir ki, tərəflər heç bir vasitəçiyə ehtiyac duymadan məsələləri öz aralarında həll etmək imkanına malikdirlər”.

media-inshot_20260430_150926846

A. Badamov qeyd edir ki, texniki və coğrafi baxımdan mürəkkəb olan sərhəd prosesi üzrə mütəmadi görüşlər təşkilati və texniki məsələlərdə irəliləyişin əldə olunduğunu göstərir:

“Sərhədlərin müəyyənləşdirilməsi sülh müqaviləsinin birbaşa tərkib hissəsi olmasa da, ümumi sülh prosesinin mühüm komponentlərindən biridir. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, sərhədlərin dəqiqləşdirilməsini gözləmək sülh müqaviləsinin imzalanmasını uzun illər gecikdirə bilər. Çünki bu proses həm texniki, həm də coğrafi baxımdan olduqca mürəkkəbdir və regionun çətin relyefi də nəzərə alınmalıdır.

Bu baxımdan tərəflər arasında mütəmadi görüşlərin keçirilməsi və fikir mübadiləsinin aparılması onu göstərir ki, artıq təşkilati və texniki məsələlər üzrə ətraflı müzakirələr aparılıb və müəyyən irəliləyiş əldə olunub”.

Deputatın sözlərinə görə, İrəvan görüşü həm sərhəd məsələləri, həm də iqtisadi əlaqələr baxımından normallaşma prosesinin davam etdiyini göstərir:

“Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Xüsusilə iqtisadi-ticari əlaqələrin qurulması etimad mühitinin formalaşmasında mühüm rol oynayır. Bu əlaqələr inkişaf etdikcə, tərəflər arasında etimad daha da möhkəmlənə bilər. Bu baxımdan, hörmətli Şahin Mustafayevin rəhbərliyi ilə İrəvanda keçirilən görüş təkcə sərhədlərin müəyyənləşdirilməsi baxımından deyil, həm də Cənubi Qafqazın yeni siyasi və iqtisadi xəritəsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Normallaşma prosesi mərhələli və təmkinli şəkildə irəliləsə də, bu görüş bir daha göstərir ki, proses davam edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər