"Bu görüşlər Ermənistan üçün də yeni reallıqları qəbul etməyin qaçılmaz olduğunu nümayiş etdirir" - Vasif Qafarov
“Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri və delimitasiya üzrə dövlət komissiyalarının 13-cü iclası regionda postmünaqişə dövrünün ən mühüm diplomatik mərhələlərindən biri kimi qiymətləndirilməlidir. Xüsusilə görüşün Ermənistanın Ağveran qəsəbəsində keçirilməsi tərəflər arasında birbaşa təmasların intensivləşdiyini və dialoq mühitinin daha praqmatik müstəviyə keçdiyini göstərir”.
Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov Patrul.az-a açıqlamasında səsləndirib.
Deputat, bu prosesin ilk növbədə, Azərbaycan və Ermənistanın milli maraqları baxımından mühüm strateji əhəmiyyət daşıdığını qeyd edib:
“Delimitasiya məsələsi yalnız sərhədlərin texniki müəyyənləşdirilməsi deyil, həm də gələcək təhlükəsizlik arxitekturasının formalaşdırılması deməkdir. Uzun illər davam edən münaqişədən sonra regionda sabitliyin təmin olunması üçün hüquqi əsasların yaradılması Azərbaycanın prioritetlərindən biridir.
Son illərdə Azərbaycan və Ermənistan arasında müşahidə olunan intensiv təmaslar və mütəmadi keçirilən görüşlər məhz Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasətinin nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə əldə etdiyi üstünlükləri səmərəli şəkildə siyasi dividentə çevirə bildi. Bugünkü danışıqlar masasının müzakirə predmeti də məhz Azərbaycanın bu uğurlu strategiyasının məntiqi davamıdır.
Ağveranda keçirilən iclas çərçivəsində bir sıra mühüm layihələrin razılaşdırılması göstərir ki, tərəflər artıq konkret nəticələrə yönəlmiş əməkdaşlıq modelinə keçid edirlər. Bu isə, öz növbəsində, regionda iqtisadi kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin inkişafı və qarşılıqlı etimadın formalaşması baxımından çox mühüm əhəmiyyət daşıyır”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan üçün əsas məqsəd davamlı sülhün təmin olunması, ərazi bütövlüyünün tam şəkildə hüquqi müstəvidə təsbit edilməsi və gələcəkdə tərəflər arasında hansısa münaqişəyə rəvac verə biləcək mümkün risklərin aradan qaldırılmasıdır:
“Bu istiqamətdə aparılan danışıqların intensivliyi onu göstərir ki, rəsmi Bakı prosesin uzadılmasında deyil, nəticəyönümlü və real addımların atılmasında maraqlıdır.
Eyni zamanda, bu görüşlər Ermənistan üçün də yeni reallıqları qəbul etməyin qaçılmaz olduğunu nümayiş etdirir. Azərbaycanın formalaşdırdığı siyasi və diplomatik gündəm artıq regionun əsas inkişaf trayektoriyasını müəyyən edir”.
“Ümumilikdə, Azərbaycanın Baş nazirinin müavininin İrəvan səfəri və Ağveran görüşü bir daha sübut edir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, regionda sülh və əməkdaşlıq üçün real platforma yaradır. Prezident İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış siyasəti sayəsində ölkəmiz həm regional liderliyini möhkəmləndirir, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir”,- deyə o, fikirlərini yekunlaşdırıb.
Ləman Sərraf






