“Bu görüşün əsas xüsusiyyəti texniki danışıqların siyasi iradə ilə paralel şəkildə irəliləməsidir” - DEPUTAT
Dünən Azərbaycan nümayəndə heyəti İrəvana səfər edib.
Səfər çərçivəsində Ermənistanın Ağveran qəsəbəsində keçirilən delimitasiya üzrə dövlət komissiyalarının 13-cü iclasında tərəflər bir sıra mühüm layihələri razılaşdırıblar.
Görüşün əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Patrul.az-a öz fikirlərini bildirib:
“Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin növbəti mərhələsi regionda formalaşmaqda olan yeni siyasi reallıqların mühüm indikatoru kimi qiymətləndirilə bilər. Dünən Azərbaycan nümayəndə heyətinin İrəvan səfəri və Ağveran qəsəbəsində keçirilən dövlət komissiyalarının 13-cü iclası tərəflər arasında dialoqun artıq epizodik deyil, sistemli xarakter aldığını göstərir.

Millət vəkili, intensiv təmasların artmasının təsadüfi olmadığını qeyd edib:
“Son dövrlərdə həm regional, həm də qlobal geosiyasi dinamika Cənubi Qafqazda sabitliyin təmin olunmasını prioritetə çevirib. Bu kontekstdə Bakı və İrəvan arasında birbaşa dialoq kanallarının aktivləşməsi vasitəçilərdən asılılığın azalması və prosesin daha operativ idarə olunması baxımından əhəmiyyətlidir.
Ağveran görüşündə əldə olunan razılaşmaların detalları tam açıqlanmasa da, onların “mühüm layihələr” kimi təqdim olunması praktiki addımların artıq müzakirə mərhələsini keçdiyini göstərir. Bu isə o deməkdir ki, tərəflər yalnız prinsiplər üzərində deyil, konkret mexanizmlər üzərində işləyirlər. Delimitasiya prosesinin irəliləməsi isə öz növbəsində demarkasiya və daha geniş sülh gündəliyinin önünü açır.
Bununla belə, prosesin həssaslığı və çoxsaylı risk faktorları da nəzərə alınmalıdır. Tarixi etimadsızlıq, daxili siyasi təzyiqlər və regiondakı maraqlar toqquşması bu cür danışıqları hər an ləngidə bilər. Ona görə də intensiv təmasların davamlı xarakter alması, əldə olunan razılaşmaların ardıcıl icrası və kommunikasiya kanallarının açıq saxlanılması həlledici amillərdir”.
“İrəvan səfəri və Ağveran görüşü sadəcə növbəti diplomatik epizod deyil. Bu, tərəflərin qarşıdurmadan idarə olunan rəqabətə, oradan isə potensial əməkdaşlığa doğru ehtiyatlı, lakin nəzərəçarpacaq keçidinin göstəricisidir. Bu xəttin qorunub saxlanması isə təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət kəsb edir”,– deyə o, sözlərini yekunlaşdırıb.
Ləman Sərraf






