"Bu gün alınmayan məhsul sabah bahalaşacaq" - İqtisadçı bazardakı vəziyyəti şərh etdi
Paytaxtın “8-ci kilometr” bazarında mövsümi tərəvəzlərin qiymətlərində enmə müşahidə olunsa da, alıcı fəallığının azalması bazarda diqqət çəkən iqtisadi tendensiyalardan biridir.
Bəs qiymətlərin ucuzlaşmasına baxmayaraq alıcı qıtlığının davam etməsi hansı iqtisadi amillərlə bağlıdır və bu vəziyyətin uzunmüddətli təsirləri nələr ola bilər?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymətlər ucuzlaşsa da, alıcı qıtlığı əsasən əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və daha ucuz qiymət gözləntisi ilə alışın təxirə salınması ilə bağlıdır:
“Qiymət düşür, amma alıcı yoxdur. Bu paradoksun səbəbi təkcə tərəvəzin ucuzlaşması deyil, alıcının cibindəki pula və bazardakı ümumi iqtisadi əhval-ruhiyyəyə bağlıdır.
Birinci amil alıcılıq qabiliyyətinin zəifləməsidir. Əməkhaqqı, pensiya artsa da, ərzaqdan başqa bütün xərclər də qalxıb. Kirayə, kommunal, nəqliyyat, dərman, məktəb xərcləri ailə büdcəsinin böyük hissəsini yeyir. Tərəvəz 20-30 qəpik ucuzlaşsa da, vətəndaşın əlində qalan sərbəst pul artmayıb. İnsan əvvəlki həcmdə ala bilmir, çünki digər məcburi xərcləri ödəməyə məcburdur. Yəni tərəvəz ucuzlaşıb, amma “ucuzluq” hiss olunmur.
İkinci amil gözləntilərdir. Son iki ildə qiymətlər daim qalxdığı üçün əhali “yayı gözləyək, daha da ucuzlaşar” düşüncəsi ilə alışı təxirə salır. Xüsusilə kartof, soğan, pomidor kimi saxlanıla bilən məhsullarda alıcı kütləvi alış etmir. Düşünür ki, sabah 1.20 manat olan pomidor 80 qəpiyə düşəcək. Bu gözlənti tələbi indidən boğur”.
İqtisadçı qeyd edir ki, alıcı qıtlığı əsasən istehlak vərdişlərinin dəyişməsi, mövsümi təklifin artması və əhalinin şəhərdən müvəqqəti çıxması nəticəsində tələbin zəifləməsi ilə bağlıdır:
“Üçüncüsü, istehlak vərdişlərinin dəyişməsidir. Gənc nəsil bazara az gedir. Market şəbəkələri, “online” sifariş, yaxınlıqdakı kiçik meyvə-tərəvəz dükanları 8-ci kilometrə gedənlərin sayını azaldıb. Vaxta qənaət edən adam 20 qəpik ucuz almaq üçün bazara saatlarla vaxt sərf etmir. Marketlərdə kartla ödəniş, təmiz səliqəli rəf, park yeri var. Bazar isə tıxac, yükdaşıma çətinliyi, nağd pul problemi deməkdir.
Dördüncüsü, mövsümi təklifin qəfil çoxalmasıdır. Aprel-may aylarında istixana məhsulu ilə açıq sahə məhsulu üst-üstə düşür. Fermer malı saxlaya bilmir, tez satıb pul etmək istəyir, ona görə qiyməti salır. Amma alıcının gündəlik tələbatı limitlidir. Ailə gündə 2 kq pomidor yemir. Təklif həddindən çox olanda qiymət düşsə də, artıq mal qalır və alıcı qıtlığı yaranır.
Beşinci amil mövsümi miqrasiya və demoqrafiyadır. Yayda şəhər əhalisinin bir hissəsi rayona, bağa gedir. Tələbələr qurtarır, evinə qayıdır. Bakıda müvəqqəti yaşayan fəhlə, usta iş dayansa bölgəyə dönür”.
A. Nəsirlinin sözlərinə görə, uzunmüddətli dövrdə bu vəziyyət istehsalın azalmasına, növbəti illərdə qıtlıq və qiymət artımına, həmçinin bazar ətrafında məşğulluğun zəifləməsinə səbəb ola bilər:
“Nəticədə paytaxtda gündəlik ərzaq alanların sayı azalır. Bazar bunu dərhal hiss edir.
Altıncısı, keyfiyyət məsələsidir. Qiymət düşəndə çox vaxt xarab olmağa başlayan, xırda, əzik məhsul piştaxtaya çıxır. Alıcı seçici olub. Ucuzdur deyə keyfiyyətsiz malı almır. Fermer yaxşı malı ixraca və ya marketə verir, qalanını bazara çıxarır. Bu da “ucuzdur, amma alan yoxdur” görüntüsü yaradır.
Bu vəziyyətin uzunmüddətli təsirləri həm istehsalçı, həm də bazar üçün risklidir. Fermer məhsulunu satıb xərcini çıxara bilməyəndə növbəti mövsüm əkini azaldır. “Satılmırsa niyə əkim” deyir. Bu da gələn il qıtlığa və kəskin bahalaşmaya gətirir. Yəni bu il ucuzluq, gələn il bahaçılıq tsikli yaranır. Bazarlarda ticarət zəifləyəndə kiçik topdançılar, daşıyıcılar, hamballar işsiz qalır. 8-ci kilometr kimi iri bazarlar boşalsa, ətrafında yaranmış yüzlərlə iş yeri bağlanar”.

İqtisadçı həmçinin bildirir ki, bu vəziyyət əsasən satış zəncirinin uzunluğu və səmərəsizliyi, həmçinin istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqənin zəifləməsi ilə bağlıdır:
“Digər tərəfdən, alıcı bazara gəlməyəndə fermerlə istehlakçı arasında son əlaqə də qırılır. Market şəbəkələri diktə etməyə başlayır. Fermer məcbur marketə ucuz verir, market isə istədiyi qiyməti qoyur. Nəticədə nə fermer qazanır, nə də alıcı real ucuzluq görür.
Vəziyyətdən çıxış üçün zəncir qısalmalı, fermerə birbaşa satış imkanı yaradılmalıdır. Həftəsonu yarmarkaları, bələdiyyə bazarları, “fermerdən piştaxtaya” layihələri genişlənsə, alıcı yenidən bazara qayıdar. Eyni zamanda emal müəssisələri artıq məhsulu alıb tomat, ketchup, turşu, qurudulmuş məhsul etsə, fermerin malı əldə qalmaz. Dövlət anbar və soyuducu infrastrukturu qursa, məhsul mövsümdə çürüməz, ilboyu sabit təklif olar.
Yekunda, qiymət düşməsinə baxmayaraq alıcı qıtlığı yalnız “bahaçılıq” problemi deyil. Bu, gəlirlərin qiymətlərə çatmaması, istehlak vərdişinin dəyişməsi, təklifin nizamsız olması və zəncirin uzunluğudur. Tədbir görülməsə, bu il bazarda mal qalar, gələn il isə əkin azalacağı üçün qiymətlər kəskin qalxar”.
Cəmilə Cəfərzadə






