"Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ilk 30 dövlətinin ordusu siyahısındadır" - DEPUTAT
“Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda ordu quruculuğu prosesinə təhlil etsək, həqiqətən də, unikal bir nümunə görmüş olarıq. Bilirsiniz ki, hələ Ulu Öndərin ölkə ilk dəfə rəhbərlik etdiyi periodda, rəsmən İttifaq dövləti olmasına baxmayaraq Umümmilli Lider böyük uzaqgörənliklə Azərbaycanda ordu quruculuğu prosesi başlatdı. Hələ Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Azərbaycanda milli hərbi kadrların formalaşması üçün ilk ciddi təkan oldu. Eyni zamanda məlumdur ki, Sovet İttifaqı güclü bir derjava idi və onun müxtəlif bölgələrində müxtəlif güclü ali hərbi məktəblər var idi. Ulu Öndərin özünün təşəbbüsü və birbaşa rəhbərliyi ilə istər Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olduğu dövrdə Azərbaycandan çoxsaylı kadrlar Sovet ali hərbi məktəblərində təhsilə cəlb edilərək təcrübəli zabitlər kimi yetişdilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında 26 iyun- Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyəti barədə danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin artıq kifayət qədər əsaslı hazırlığı olan bir kadr potensialı var idi:
“Amma buna baxmayaraq, o dövrdə ölkəni yaramaz, yarıtmaz bir siyasətin əhatə etməsi, 90-cı illərin əvvəllərində antimilli mövqenin hakim olması, idarəçiliyin milli düşüncədə olmaması və mövcud idarəçilərin, ancaq xəzinəni, büdcəni, mövcud ehtiyatları, Heydər Əliyevin 1969-1987-ci illərdə Azərbaycan üçün formalaşdırdığı potensialı talamağa başı qarışan və hakimiyyət naminə ölkədə torpaqları, milli mənafeləri satan adamların o dövrdə idarəçilikdə olması Ulu Öndərin dövründə yetişən hərbçiləri müxtəlif qruplara böldü, hər bir məmuru bir silahlı dəstəsi, hər bir qruplaşmanın bir ordusu var idi. Yəni Azərbaycanın kadr potensialı doğru istifadə edilmədiyi üçün peşəkar insanlar ya hərbidən getdi, ya Rusiyada xidmətlərini davam etdilər və yaxud da ölkədə hansısa qruplaşmaların alətinə çevrildilər. Ulu Öndər yenidən hakimiyyətə gəldikdən sonra açıq şəkildə məqsədlər ortaya qoydu.
Birincisi, xalq-ordu birliyi yaranmalıdır, Məlumdur ki, 90-cı illərin əvvəllərində artıq orduya inam qalmamışdı və insanlar bildirdilər ki, vahid ordu, idarəçilik olmadığı üçün xidmətin də vətənə, dövlətə onların gözlədiyi faydası olmayacaq. Ulu Öndər bax belə inamsızlıq ehtiva edən bir nizamı dağıtdı, nəticə etibarilə, 60-cı illərdə arzuladığı formatda, milli ordu quruculuğu başladı, xüsusən atəşkəs imzalandıqdan sonra ordu quruculuğu üçün yeni bir dövr idi”.

Millət vəkili bir məqamı da vurğulayıb ki, atəşkəsə qədərki dövrdə Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət sonra formalaşan silahlı qüvvələr, Füzuli və Cəbrayılın bəzi kəndlərini, habelə Horadizi azad etdilər, yəni biz ilk hərbi qələbələrimizi məhz Ulu Öndərin Ali Baş Komandanlığında qazandıq:
“Sonrakı dövrlərdə Ulu Öndər orduda ciddi islahatlar keçirdi, Türkiyə ilə sağlam və bərabərhüquqlu hərbi əlaqələr quruldu, NATO ilə tərəfdaşlığımız davam etdi, İsrail ilə güclü əlaqələr quruldu, Rusiyanın özü ilə hərbi sahədə kifayət qədər ciddi əlaqələr quruldu, bizim hərbçilərimiz artıq yenidən xaricdə oxumağa başladılar. Daha sonrakı dövrdə ordu quruculuğunun ideoloji əsasları kifayət qədər ciddi əsaslarda inkişaf etdi, Azərbaycan gənci artıq Azərbaycan Ordusunda xidmət etməyin qürurunu yaşamağa başladı, Azərbaycan Ordusu və Azərbaycan xalqı arasında birlik, vəhdət təmin olundu və sevindirici haldır ki, Ulu Öndərin siyasi kursu, o cümlədən ordu quruculuğuna baxışı müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən də davam etdirildi və nələrə nail olduq, artıq bu, sözün əsl mənasında, tariximizin qızıl səhifəsidir.
Ümumiyyətlə, ordunun gücünün göstəricisi onun silahlarının sayı, əsgərlərinin sayı və yaxud da ki, milli döyüşkən ruh deyil. Məsələn, ayrı-ayrı ölkələrdə bəzi hallarda sorğular keçirirlər və hamı ölkəsi üçün ölməyə hazır olduğunu deyir. Amma real nəticə olmadıqda bu barədə danışılanlar, deyilənlər pafos və yaxud boş statistikadır. Azərbaycanın Vətən müharibəsi, Vətən müharibəsinə qədərki dövrdə isə Tovuz döyüşləri, ondan öncə Günnüt əməliyyatı, daha əvvəl Aprel döyüşləri, bunlar hamısı, xüsusən də, təbii ki, bu proseslərin kuliminasiya nöqtəsi – Vətən müharibəsi və eyni zamanda, sözün əsl mənasında, zərgər dəqiqliyi ilə tarixə düşən antiterror tədbirləri göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir”.
“Qürurla deyə bilirik ki, bu gün Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandanı uğrunda, sözün əsl mənasında, ölümə getməyə hazır olan gənclərdən ibarət, mənəvi-psixoloji cəhətdən tam yetkin, ürəyi vətənlə döyünən əsl hərbçilərdən ibarət bir sistem halına düşmüşdür. Bir vaxtlar Azərbaycan Ordusu deyəndə parçalanmış dəstələr göz önünə gəlirdisə, bu gün Azərbaycan Silahlı Qüvvələri deyəndə dünyanın ən güclü ilk 30 dövlətinin ordusu siyahısında biz öz adımızı axtarırıq. Ulu Öndər həmişə arzu edirdi ki, biz xalq-ordu birliyinə nail olmalıyıq, biz gənclərin hərbi xidmətə həvəsləndirilməsi, vətənpərvərlik ruhunda yetişməsi istiqamətində, xüsusən orduda xidmət etməyə lazımlı bir istiqamət kimi baxmasına nail olmalıyıq. Qürurla deyə bilirik ki, Müzəffər Ali Baş Komandanımız buna tam mənada nail oldu. Bu gün hər bir Azərbaycan vətəndaşı ordu ilə bağının olmasını arzulayır. Ulu Öndərin, Ulu Öndər siyasi kursuna əsaslanaraq müzəffər Ali Baş Komandanımızın həyata keçirdiyi siyasət nəticəsində artıq biz xalq-ordu birliyinə nail olmuşuq və bu da bizi qələbələrdən qələbələrə aparmaqdadır”,- deyə o əlavə edib.
Ləman Sərraf






