“Bu layihə Azərbaycana turist axını və investisiyaları artıracaq” - RƏY
Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Dövlət Turizm Agentliyi dörd irimiqyaslı tender elan edib. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin (info-turların) təşkili nəzərdə tutulur.
Tenderlər üzrə ümumi məbləğ 1 milyon 705 min 801 manat təşkil edir.
Bəs bu addım Azərbaycanın turizm sektorunun inkişafı baxımından nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən turizm eksperti Rəhman Quliyev qeyd edib ki, son 10-15 ildə Azərbaycan turizmi həm ölkədaxili, həm də ölkəxarici olmaqla müsbət yöndə inkişaf edir:
“Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, inkişaf etmiş turizm ölkələri eyni analoji addımı ataraq müxtəlif reklam və media turları təşkil edir. Əslində bu addım çox qənaətbəxş nəticə verəcək. Hesab edirəm ki, Dövlət Turizm Agentliyinin apardığı bu marketinq strategiyası yaxın 3-5 ildə ən yüksək səviyyədə müsbət effektini büruzə verəcək”.
Ekspert bildirib ki, bugünkü gündə Azərbaycanın həm işğaldan azad olunan ərazilərinin, həm də digər bölgələrin tanıtımı üçün ciddi proqramlar olmalıdır:
“Çünki biz artıq post-münaqişə dövrü yaşayırıq. Sovetlər Birliyi dağıldıqdan sonra Qarabağ ərazisi ancaq Ermənistanın narkotik becərdiyi və terroristlərin məskunlaşdığı region kimi tanınıb. Lakin indi Qarabağ və Şərqi Zəngəzur çiçəklənmə dövrü yaşayır. Ölkə rəhbərimizin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün Qarabağ Azərbaycana, o cümlədən, bütün dünyaya günəş kimi doğur. Azərbaycana gəlmək üçün fürsətlər axtaranlar da az deyil”.
“Ümumilikdə, bu tenderin həyata keçirilməsi nəinki Azərbaycana turist axınını gücləndirəcək, eyni zamanda ölkəmizə yeni investisiyalar cəlb edəcək və müxtəlif iş yerlərinin açılmasına gətirib çıxaracaq. Bu səbəbdən düşünürəm ki, DTA-nın bu layihəsi çox uğurlu alınacaq”,– deyə o əlavə edib.
Ləman Sərraf






