media-photo-output

“Baş verən hadisə çox üzücüdür. Təəssüf ki, gənclərimizin bir qismi yanlış yoldadır. Onlar özləri də dərk etmədən belə bir tarixi abidəyə ziyan vurublar. Bu, qəbuledilməz bir məsələdir. Tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir”.

Bunu Patrul.az-a açıqlamasında Nizami Kino Mərkəzinin divarına gənclər tərəfindən edilən vandalizmlə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili mədəniyyət nümunəsinə qarşı bu cür hərəkətlərin gənclər tərəfindən edilməsini böyük təəssüf hissi ilə qeyd edib:

“Bu məsələdə ən narahatedici tərəflərdən biri də bunun gənclər tərəfindən edilməsidir. Gənclərin belə yanlış yolda olması narahatedicidir. Bu, bir daha onu göstərir ki, biz gənclərlə daha sıx iş aparmalıyıq. Ailələr övladların tərbiyəsinə ciddi önəm verməlidir. Məktəblərdə təlim-tərbiyə işlərinə də diqqət yetirilməlidir. Gənclər arasında davamlı təbliğat işi aparılmalıdır. Təəssüf ki, bu gün sosial media və qloballaşma gəncliyin müxtəlif təsirlərə məruz qalmasına yol açır. Nəticədə bəzi gənclərimiz milli-mənəvi dəyərlərdən uzaqlaşır. Biz onlarda bir sıra yanlış fikirlərin formalaşdığının şahidi oluruq”.

media-inshot_20260403_173046617

C. Məmmədov gəncləri milli-mənəvi dəyərlərə sadiq qalmağa səsləyib:

“Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, bu, çox yanlış bir addımdır. Gənclərimiz bu cür davranışlardan uzaq olmalı, milli-mənəvi dəyərlərimizin ən ciddi keşiyində durmalıdırlar. Bu kimi məsələlərə onlar çox həssas yanaşmalı və bilməlidirlər ki, millətləri güclü edən onun dəyərləri və tarixi abidələridir. Azərbaycan xalqı zəngin mədəniyyətə və mənəviyyata malikdir. Ona görə də millətimiz öz dəyərlərinə sıx sarılmalı və onları göz bəbəyi kimi qorumalıdır. Bu işin önündə isə gənclər getməlidir. Çünki onlar bizim gələcəyimizdir və onlardan gözləntilərimiz çoxdur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər