Bu ölkə 2045-ci ilə qədər Ayda yaşayış yaratmağı planlaşdırır
Cənubi Koreya 2045-ci ilə qədər Ayda yaşayış bazası qurmağı planlaşdırır.
Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, Cənubi Koreya 2045-ci ilə qədər Ayda daimi baza qurmaq planı ilə kosmik ambisiyalarını bir neçə pillə yüksəldir.
Bu hədəf Koreya Aerokosmik Administrasiyasının (KASA) yeni təqdim etdiyi uzunmüddətli kəşfiyyat strategiyasında əks olunub. Yol xəritəsi Daejeon şəhərində keçirilən dinləmələrdə təqdim edilib və aşağı Yer orbitinin tədqiqindən tutmuş Ayda su ehtiyatlarının çıxarılmasına qədər beş əsas istiqaməti əhatə edir.
Məlumata görə, Cənubi Koreya bu istiqamətdə artıq konkret addımlar atıb. 2022-ci ildə buraxılan Danuri adlı Ay orbiti zondunun missiyası hələ də davam edir. Bununla yanaşı, Ay roverlərinin sınaqları ölkə daxilində, hətta tərk edilmiş kömür mədənlərində aparılır.
Koreya rəsmiləri 2032-ci ilə qədər robot eniş aparatını Ay səthinə göndərməyi, 2040-cı ilə qədər isə daha inkişaf etmiş aparat hazırlamağı hədəfləyirlər. Bütün bunlar 2045-ci ilədək Ayda iqtisadi baza yaratmaq məqsədinə doğru atılan addımlardır.
Qeyd edək ki, bu sahədə ABŞ, Çin, Rusiya, Hindistan və digər ölkələr də analoji planlar üzərində çalışır. Koreya isə Marsa eniş üçün də planlarını 2045-ci ilə qədər reallaşdırmağı qarşıya məqsəd qoyub.
Gülbəniz Səfərova






