media-inshot_20260417_110202635

Hazırkı geosiyasi vəziyyət və regionda davam edən gərginlik turizm sektoruna da birbaşa təsir göstərir. Rəsmi olaraq atəşkəsin mövcud olmasına baxmayaraq, tam sabitlik barədə danışmaq hələ tezdir. Hava nəqliyyatında məhdudiyyətlər və risklərin qalması səyahət axınını zəiflədir.

Bu fon dünya turizminə, turist axınına necə təsir göstərir?

Məsələ ilə bağlı Patrul.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, son bir neçə ayda Yaxın Şərqdə hökm sürən siyasi gərginlik, artilleriya döyüşləri qlobal turizmi ağır vəziyyətə salıb:

“Belə ki yüzlərlə hava limanı fəaliyyətini dayandırdı. Hazırda körfəz ölkələrinin əksəriyyətində hava limanları qapalı vəziyyətdədir. Bu da dünya turizm bazarına ciddi təsir göstərir. Dünya Turizmi Şurasının açıqlamalarına görə, bu müharibədə qlobal turizm bir gündə 600 milyon dollardan çox zərər görür. Təbii ki, bu zərərdən Azərbaycan da öz payını götürür. Hesab edirəm ki, bu mənfi situasiya ölkəmizdə hələ bir müddət özünü büruzə verəcək. Nəzərə alsaq ki, Azərbaycana körfəz ölkələrindən daha çox turist gəlirdi, hazırkı müharibələr fonunda həmin ərazilərdən turistlər gəlmir. Bu da ölkə turizminin zəifləməsinə səbəb olacaq”.

media-inshot_20260417_105920068

Ekspert dünyada mövcud olan siyasi böhranın birbaşa iqtisadi böhrana gətirib çıxardığını qeyd edib:

“Bu da onu göstərir ki, insanların sosial rifahı aşağı düşüb. Müharibə gedən və buna cəlb olunan ölkələrin iqtisadi durumları və həyat şəraiti çətinləşdiyinə görə, əhalinin ölkə hüdudlarından kənara çıxa bilməməsi səbəbilə turist potensialı zəifləyir.

ABŞ-İran-İsrail müharibəsində itirdiyimiz turistləri digər bağlantılarla kompensasiya edə bilərik. Məsələn, Dubay, Doha, Kuveyt, Abu-Dabi və s. kimi şəhərlərə üstünlük verən turistlər indiki şəraitdə onları Bakı ilə əvəzləyə bilərlər”.

“Avropanı Asiyaya birləşdirən yeganə təhlükəsiz bir dəhliz kimi Azərbaycan çox etibarlı ölkədir. Hesab edirəm ki, bu kontekstdə ölkəmiz yeni turist portfeli qazana bilər.

Yaxın zamanda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkə turizmi üçün böyük hədəfli bir reklam sayılır. Belə mühüm tədbirlər Azərbaycan turizminin inkişafına töhfə verir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər