Bu ölkələrdə xəyanət edən şəxslərə cərimə tətbiq olunur - MARAQLI
Xəyanət dünyanın hər yerində ailələri dağıdan, münasibətləri sarsıdan bir hadisədir. Ancaq bəzi ölkələr bu məsələyə yalnız mənəvi yox, həm də hüquqi çərçivədə yanaşır. Yəni, xəyanət edən şəxslər təkcə ailəsini deyil, pulunu də itirə bilir.
Bəs hansı ölkələrdə xəyanət edən şəxslərə cərimə tətbiq olunur?
Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.
Harada tətbiq olunur?
Məsələn, Filippin və Sinqapur kimi ölkələrdə xəyanət rəsmi qanun pozuntusu sayılır və buna görə müəyyən cərimələr tətbiq olunur.
Cənubi Koreya uzun illər bu qaydanı saxlamışdı, sonradan yumşaldılsa da, ictimai qınaq hələ də güclüdür.
Bəzi müsəlman ölkələrində isə xəyanət yalnız cərimə ilə deyil, daha sərt hüquqi sanksiyalarla da cəzalandırıla bilər.
Rusiyada da rəsmi şəxslər xəyanət edənlərə cərimə tətbiq olunması barədə təklif irəli sürüblər.
Belə ki, evlilikdə sədaqətsizlik edənlər 15–20 min rubl cərimələnəcək. Ailədə uşaqlar varsa, cərimələr daha da ağırlaşır.
Niyə belə qərarlar verilir?
Bu qanunların məqsədi cəmiyyətin əxlaqi dəyərlərini qorumaq, ailələrin dağılmasının qarşısını almaq və evlilik institutuna daha çox məsuliyyət qazandırmaqdır. Başqa sözlə, dövlət ailəni yalnız mənəvi deyil, həm də hüquqi müstəvidə qorumağa çalışır.
Göründüyü kimi, dünyanın bir çox yerində xəyanət şəxsi seçim və mənəvi məsələ kimi qəbul olunsa da, bəzi ölkələrdə bu addım həm də hüquqi nəticələr doğurur. Bu, ailə institutuna verilən dəyərin və cəmiyyətin mənəvi prinsiplərinin nə qədər ciddi qəbul edildiyinin göstəricisidir.
Ləman Sərraf






