"Bu peşə də qarşıdakı proseslərdən uğurla keçərək hamımızın can atdığı jurnalistika səviyyəsinə çatacaq" - Tural Abbaslı
“Mətbuat son yüz ildə kifayət qədər dəyişib. Mətbuatımız “Əkinçi” qəzeti fəaliyyətə başlayandan bu yana senzura, çar Rusiyası dövrü, müstəqillik dönəmi, sovet işğalı, yenidən müstəqillik kimi mərhələlərdən keçib. Bir sözlə, mətbuatımız müxtəlif dövlət quruluşlarında öz varlığını qoruyub saxlaya bilib. Bəlkə də dünyada Azərbaycan mətbuatı qədər siyasi və iqtisadi baxımdan bu qədər mərhələdən keçən az mətbuat var. Misal olaraq, mətbuatımız “Əkinçi”dən bəri Birinci və İkinci Dünya müharibələrini, sovet dövrünü, müstəqilliyi, azadlıq hərəkatını, yenidən müstəqilliyi, demokratiyanı və hazırkı dövrü yaşayıb. İqtisadi baxımdan da mətbuat kommunizmdən sonrakı hazırkı kapitalizm mərhələsinə qədər müxtəlif inkişaf dövrlərindən keçib”.
Bunu 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Patrul.az-a fikirlərini bölüşən Ağ Partiyasının sədri, siyasətçi, jurnalist, Müsavat Partiyasının üzvü Tural Abbaslı deyib.
Həmsöhbətimiz milli mətbuatımızın keşməkeşli tarix keçdiyini xatırladaraq vurğulayıb ki, bu gün də Azərbaycan jurnalistikası müasir dövrün ən yaxşılarından biri olmaq uğrunda ciddi səylər göstərir:
“Texnologiya inkişaf etdikcə milli mətbuatımızda da mərhələli dəyişikliklər baş verdi. Əvvəlcə qəzet, sonra radio və televiziya jurnalistikası formalaşdı, hazırda isə sosial şəbəkələrdə hökm sürən vətəndaş jurnalistikası meydana gəlib. Müasir dövrdə artıq istənilən şəxs evdə oturaraq jurnalistika fəaliyyəti ilə məşğul ola bilər.
O cümlədən klassik jurnalistika ilə müasir jurnalistika qarşı-qarşıyadır. Jurnalistikanın dəyərləri də dəyişib. Əvvəllər daha çox etibarlılığa və analitikaya söykənən jurnalistika, hazırda sürətə və operativ informasiyanın çatdırılmasına üstünlük verir. Oxucu davranışları da dəyişib.
Azərbaycan jurnalistikası bu keşməkeşli mərhələlərdən keçərək çalışıb ki, müasir dövrlə ayaqlaşa bilsin. Nə qədər uyğunlaşmağımız isə ayrı bir məsələdir. Siyasi quruluşun jurnalistikanın inkişafına nə qədər imkan və azadlıq verməsi isə ayrıca müzakirə mövzusudur”.

Ağ Partiya sədri insanların hər zaman xəbərə ehtiyac duyacağını vurğulayaraq, bu baxımdan jurnalistikanın misilsiz rolunu və xidmətini qeyd edib:
“Ölkəmizdə jurnalistika yenə də keşməkeşli bir mərhələdən keçir. Jurnalistikanın taleyi ilə bağlı bir sıra məsələlərin müzakirəsində aktivlik var. Məsələn, bu gün çap mediasının ləğv edilməsi ilə bağlı müzakirələr gedir. Yəni, qəzet çapının dayandırılıb-dayandırılmaması tez-tez gündəmə gətirilir. Artıq sosial şəbəkələrin klassik jurnalistikanı üstələdiyi barədə fikirlər də səsləndirilir. Bir sözlə, təkcə Azərbaycanda deyil, bütün dünya jurnalistikası çox canlı bir dövr yaşayır. Əminəm ki, insanlar informasiya almağa həmişə ehtiyac duyacaq. Bu ehtiyacı ödəyən qurumlara, xəbər portallarına, televiziya kanallarına və informasiya agentliklərinə də həmişə ehtiyac olacaq.
Süni intellektin də yer aldığı müasir dövrdə televiziya və rəqəmsal platformalar botlarla yeni bir rəqabət mühiti yaradır. Fikrimcə, jurnalistika bu proseslərdən də uğurla keçəcək və nəhayət hamımızın can atdığı jurnalistika səviyyəsinə çatacaq”.
Gülbəniz Səfərova






