media-inshot_20260722_161232713

Psixoloq Zeynəb Əyyubova ötən gün sosial şəbəkələrdə yayılan və zoo mağazada qadına qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Patrul.az-a danışıb.

Psixoloq ictimai yerlərdə zorakılıq zamanı insanların niyə müdaxilə etmədiyini, bunun psixoloji səbəblərini və cəmiyyətin belə hallarda necə davranmalı olduğunu izah edib.
O bildirib ki, ictimai yerlərdə qadına qarşı zorakılıq baş verən zaman insanların müdaxilə etməməsinin bir neçə psixoloji səbəbi var:

“İctimai yerlərdə qadına qarşı zorakılıq baş verən zaman insanların müdaxilə etməməsinin bir neçə psixoloji səbəbi var. Bunlardan ən çox rast gəlinəni “müşahidəçi effekti” adlanan hadisədir. İnsanlar ətrafda çox adam olduqda məsuliyyətin başqasının üzərinə düşəcəyini düşünür və nəticədə heç kim ilk addımı atmır.
Digər mühüm amil təhlükə hissidir. Şahidlər aqressiv davranış nümayiş etdirən şəxsin onlara da zərər verə biləcəyindən ehtiyat edir, buna görə müdaxilədən çəkinirlər. Bəzən insanlar vəziyyəti tam qiymətləndirə bilmədikləri üçün bunun ailədaxili mübahisə və ya şəxsi məsələ olduğunu düşünərək kənarda qalmağa üstünlük verirlər”.

media-img-20260424-wa0052

Psixoloqun sözlərinə görə, zorakılıq heç bir halda şəxsi məsələ kimi qəbul edilməməlidir və hər kəs minimum səviyyədə reaksiya verməlidir:

“Lakin zorakılıq heç bir halda şəxsi məsələ kimi qəbul edilməməlidir. İctimai yerdə baş verən zorakılıq cəmiyyətin təhlükəsizliyi ilə bağlı məsələdir və hər bir vətəndaşın minimum səviyyədə reaksiya verməsi vacibdir. Bu reaksiya birbaşa fiziki müdaxilə etmək deyil, polisə məlumat vermək, ətrafdakılardan kömək istəmək, hadisəni qeydə almaq və ya zərərçəkən şəxsin təhlükəsizliyini təmin etməyə çalışmaq ola bilər”.

Zeynəb Əyyubova qeyd edib ki, insanların gözü qarşısında zorakılıq törədilməsi zorakılıq göstərən şəxsin davranışı ilə bağlı da müəyyən psixoloji məqamları ortaya qoyur:

“İnsanların gözü qarşısında zorakılıq törədilməsi isə çox vaxt zorakılıq göstərən şəxsin öz davranışına nəzarət etməkdə çətinlik çəkdiyini, cəzasız qalacağına inandığını və sosial qınaqdan kifayət qədər çəkinmədiyini göstərə bilər. Belə halların qarşısının alınması üçün təkcə hüquqi tədbirlər deyil, həm də cəmiyyətdə zorakılığa qarşı sıfır tolerantlıq mövqeyinin formalaşdırılması vacibdir”.

Müsahibimiz sonda vurğulayıb ki, zorakılığa səssiz qalmaq onun davam etməsinə şərait yarada bilər:

“Unutmamalıyıq ki, zorakılığa səssiz qalmaq bəzən zorakılığın davam etməsinə şərait yaradır. Cəmiyyət olaraq təhlükəsiz və dəstəkverici mövqe nümayiş etdirmək hər birimizin məsuliyyətidir”.

Ləman Sərraf


Bənzər xəbərlər