Sosial media uşaqların məktəbə başlama yaşını dəyişə bilərmi? - Ekspertdən açıqlama
Rəqəmsal texnologiyaların və sosial medianın uşaqların həyatında erkən yaşlardan yer alması onların diqqət, ünsiyyət, öyrənmə vərdişləri və psixoloji inkişafı ilə bağlı müzakirələri artırıb. Bəzi mütəxəssislər hesab edir ki, dəyişən inkişaf xüsusiyyətləri gələcəkdə təhsil sistemində, o cümlədən məktəbə başlama yaşı ilə bağlı yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri edə bilər. Bəs sosial media ilə erkən yaşdan tanış olan uşaqların məktəbə başlama yaşı gələcəkdə dəyişdirilə bilərmi?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki,texnologiya ilə erkən tanışlıq uşağın məktəbə hazır olması demək deyil, əsas meyar psixoloji, sosial və emosional hazırlıqdır:
“Bu məsələ yaxın gələcəkdə daha çox müzakirə olunacaq mövzulardan biridir. Çünki bugünkü uşaqlar əvvəlki nəsillərlə müqayisədə texnologiya ilə daha erkən yaşda tanış olur, informasiyanı daha sürətli qəbul edir və fərqli bacarıqlar formalaşdırırlar. Amma bu, avtomatik olaraq məktəbə daha tez başlamalarının doğru olduğu anlamına gəlmir. Məktəbə hazırlıq təkcə uşağın telefon və ya planşetdən istifadə etməsi ilə ölçülmür. Burada nitq inkişafı, diqqətini cəmləmək bacarığı, emosional hazırlıq, sosial münasibətlər qurmaq, kollektivə uyğunlaşmaq və psixoloji yetkinlik əsas meyarlardır. Bəzən texnologiyadan yaxşı istifadə edən uşaq məktəb mühitinə emosional baxımdan hazır olmaya bilər”.

Ə. Həsənli qeyd edir ki,gələcəkdə məktəbə başlama yaşı ilə bağlı dəyişikliklər yalnız elmi araşdırmalar və uşaqların hazırlıq səviyyəsi əsasında müzakirə olunmalıdır:
\”Ona görə də gələcəkdə məktəbə başlama yaşı ilə bağlı müəyyən dəyişikliklərin müzakirəyə çıxarılması mümkündür. Lakin belə qərarlar sosial medianın təsiri əsasında deyil, elmi tədqiqatlara, uşaq psixologiyasına, pedaqoji müşahidələrə və inkişaf göstəricilərinə əsaslanmalıdır. Dünyanın bir çox ölkəsində də yanaşma yaş meyarından daha çox uşağın məktəbə hazırlıq səviyyəsinin qiymətləndirilməsinə doğru dəyişir”.
Ekspert hesab edir ki, məktəbə başlama yaşını dəyişməkdənsə, uşaqların fərdi inkişafını nəzərə alan çevik qiymətləndirmə sistemi daha məqsədəuyğundur:
“Mən hesab edirəm ki, əsas məqsəd məktəbə başlama yaşını dəyişmək yox, hər bir uşağın fərdi inkişaf xüsusiyyətlərini nəzərə alan çevik qiymətləndirmə mexanizmlərinin formalaşdırılması olmalıdır. Çünki eyni yaşda olan bütün uşaqların inkişaf tempi eyni deyil və təhsil sistemi bunu nəzərə almalıdır. Belə olduqda həm uşağın məktəbə adaptasiyası asanlaşar, həm də təlim prosesinin keyfiyyəti yüksələr”.
Cəmilə Cəfərzadə






