“Əkinçi”dən süni intellektə: Azərbaycan mediasının 151 illik yolu
“22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının 151 illik şərəfli tarixini, jurnalistikanın cəmiyyətin inkişafındakı rolunu və müasir dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyətini bir daha dəyərləndirmək üçün mühüm fürsətdir”.
Bu fikirləri Milli Mətbuat Günü münasibətilə Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 151 il ərzində milli düşüncənin və dövlətçilik ənənələrinin formalaşmasına xidmət edib:
“Bu gün Azərbaycan mediası yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da həqiqətin, obyektivliyin və peşəkarlığın təbliğində mühüm missiya daşıyır. Müasir dövrdə informasiya milli təhlükəsizliyin mühüm elementlərindən biridir. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı və dezinformasiyanın artdığı bir şəraitdə peşəkar, məsuliyyətli və obyektiv jurnalistikanın rolu daha da artır. Cəmiyyətin doğru məlumatlandırılması, milli maraqların müdafiəsi və etibarlı informasiya mühitinin formalaşdırılması media nümayəndələrinin üzərinə böyük məsuliyyət qoyur”.
C. Məmmədovun sözlərinə görə, Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin qlobal dialoq məkanı kimi mövqeyini daha da gücləndirir:
“Bu baxımdan, Qarabağın tacı Şuşada keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının inkişafına, qlobal informasiya çağırışlarının müzakirəsinə və müxtəlif ölkələrin media nümayəndələri arasında təcrübə mübadiləsinə mühüm töhfə verir. Forum həm də Azərbaycanın dünyaya açıq, dialoqa və əməkdaşlığa sadiq dövlət olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, Bakıda keçirilən World Urban Forum (WUF13) ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, ekspertləri və media təmsilçilərini bir araya gətirən bu mötəbər platforma dayanıqlı şəhər inkişafı, innovasiya və gələcəyin şəhərləri ilə bağlı qlobal müzakirələr üçün mühüm imkan yaradıb. Belə beynəlxalq tədbirlərin geniş və peşəkar şəkildə işıqlandırılması Azərbaycanın müasir inkişafını, uğurlarını və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır”.
Deputat sonda media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib:
“Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, peşə fəaliyyətlərində obyektivlik, prinsipiallıq və davamlı nailiyyətlər arzulayıram”.
Sevinc Yarməmmədova






