"Bu razılıq iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanmasına mühüm töhfə verə bilər" - Azər Badamov
“AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı tərəflərin bütün əsas məsələlər üzrə razılığa gəlməsi bu faciə ətrafında yaranmış gərginliyin aradan qaldırılmasına və Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanmasına mühüm töhfə verə bilər”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov səsləndirib.
O xatırladıb ki, Azərbaycan bu müddət ərzində Rusiyadan qəzanın səbəblərinin obyektiv araşdırılmasını və məsuliyyətə uyğun addımların atılmasını qəti şəkildə tələb edirdi:
“9 oktyabr 2025-ci il tarixində Düşənbədə dövlət başçıları arasında keçirilmiş ikitərəfli görüşdə Rusiya tərəfi bu istiqamətdə lazımi addımların atılacağına dair müəyyən təminat vermişdi. Lakin ilin sonunda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin hadisə ilə bağlı səsləndirdiyi bəzi fikirlər Azərbaycan cəmiyyətində yenidən narahatlıq yaratmışdı.
Hazırda isə tərəflərin Xarici İşlər Nazirlikləri tərəfindən səsləndirilən birgə bəyanat göstərir ki, bu narahatlıqların aradan qaldırılması istiqamətində real irəliləyiş əldə olunub. Bəyanata əsasən, Rusiya dəymiş ziyana görə müvafiq kompensasiyaların ödənilməsini qəbul edib ki, bu da məsələnin ədalətli həlli baxımından mühüm addımdır.
Azərbaycan hər zaman qonşuluq münasibətlərinin qorunmasına və qarşılıqlı əməkdaşlığın inkişafına üstünlük verib. Bununla yanaşı, ölkəmiz öz suveren hüquqlarının və ədalətin təmin olunması məsələsində də prinsipial mövqe nümayiş etdirir. Bu prosesdə dövlət başçısının ardıcıl və qətiyyətli siyasəti həlledici rol oynadı və nəticədə Azərbaycanın haqlı mövqeyi qəbul olundu”.

Millət vəkili, baş verənlərin Azərbaycanla münasibətlərin yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət və açıq dialoq əsasında qurula biləcəyini bir daha göstərdiyini qeyd edib:
“Ölkəmiz bütün tərəfdaşlarından da məhz bu yanaşmanı gözləyir.
Azərbaycan və Rusiya arasında mövcud olan müttəfiqlik və qarşılıqlı fəaliyyət münasibətləri bu razılaşmadan sonra daha sağlam əsaslar üzərində davam edə bilər. Gözlənilir ki, həm dövlətə, həm də zərərçəkmiş vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək və münasibətlər qarşılıqlı fayda prinsipi əsasında inkişaf edəcək.
Şübhəsiz, bu məsələ vaxtında həllini tapsaydı, iki ölkə arasında müəyyən gərginliklərin və xoşagəlməz halların qarşısını almaq mümkün olardı. Ümid etmək olar ki, bundan sonra Azərbaycan və Rusiya kimi yaxın qonşular arasında yaranan fikir ayrılıqları operativ şəkildə dialoq yolu ilə həll ediləcək və münasibətlər sabit və konstruktiv məcrada davam edəcək”.
Ləman Sərraf






