Bu sexin buraxdığı zəhərli tüstü yaxınlıqda yaşayan sakinləri boğur - VİDEO
Binəqədi rayonunda fərdi yaşayış evlərinin yaxınlığında yerləşən metal əritmə sexinin havaya zəhərli tüstü buraxması ərazi sakinlərinin narahatlığına səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata görə, “Banuçiçək Şadlıq Evi”nə yaxın ərazidə yerləşən sex gecə saatlarında da fasiləsiz işləyir.
İddiaya görə, sex fəaliyyəti zamanı heç bir filtrdən istifadə etmir. Bu səbəbdən havaya yayılan qatı qara tüstü ətraf ərazidə yaşayanların nəfəs almasını çətinləşdirir.
Sakinlər bildirirlər ki, sexin tüstüsü səbəbindən gecə saatlarında belə pəncərə açmaq mümkün olmur.
Redaksiyamıza daxil ola görüntülərdə də sexdən havaya qalxan zəhərli qaz tullantılarının tüstüsü açıq-aşkar görünür.
Qeyd edək ki, sözügedən sexin nə ekoloji standartlara, nə də tikinti tələblərinə uyğun fəaliyyət göstərdiyi bildirilir. Sakinlər məsələ ilə bağlı müvafiq qurumlardan dərhal tədbir görülməsini xahiş edirlər.
Gülbəniz Səfərova






