media-inshot_20260513_212515506

Sürücülük vəsiqəsi olmayan şəxslərin təlim avtomobillərində idarəetməsi yalnız qanunla müəyyən edilmiş sürücülük hazırlığı çərçivəsində, təlimatçının nəzarəti altında və xüsusi təchiz olunmuş təlim avtomobillərində mümkündür. Bu sahə yol hərəkəti və sürücülük hazırlığı qaydaları ilə ciddi şəkildə tənzimlənir.

Sürücülük vəsiqəsi olmayan şəxsin təlim avtomobilində sükan arxasına keçməsinin hüquqi şərtləri və məsuliyyət bölgüsü necə müəyyən edilir?

Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, vəsiqəsiz şəxs yalnız xüsusi təlim avtomobilində təlimçinin nəzarəti ilə sükan arxasına keçə bilər:

“Azərbaycan qanunvericiliyinə əsasən, sürücülük vəsiqəsi olmayan şəxslərin adi qaydada nəqliyyat vasitəsi idarə etməsinə icazə verilmir. Lakin istisna olaraq, xüsusi təlim avtomobillərində sürücülük vərdişlərinin öyrədilməsi məqsədilə onların sükan arxasına keçməsi mümkündür. Bu proses müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir.

Təlim yalnız xüsusi təchiz edilmiş təlim avtomobilində aparılmalıdır. Həmin avtomobildə təlimçi üçün əlavə əyləc və digər idarəetmə vasitələri olmalıdır. Təlim zamanı sürücülük hüququ olan təlimçi avtomobildə iştirak etməli və idarəetməyə tam nəzarət etməlidir. İlkin mərhələdə təlimin qapalı meydançada keçirilməsi məqsədəuyğundur. Ümumi istifadədə olan yollarda isə təlim yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilə bilər”.

media-img-20260331-wa0041

Vəkilin sözlərinə görə, təlim avtomobilində vəsiqəsiz şəxsin idarəetməsi zamanı məsuliyyət əsasən təlimçinin üzərinə düşür, çünki təhlükəsizliyə birbaşa nəzarəti o təmin edir:

“Hüquqi baxımdan məsuliyyət əsasən təlimçiyə və ya təlim prosesini təşkil edən şəxsə aid edilir. Çünki sürücülük vəsiqəsi olmayan şəxs nəqliyyat vasitəsini yalnız nəzarət altında idarə edir. Təlim zamanı yol hərəkəti qaydalarının pozulması və ya qəza baş verməsi hallarında təlimçinin nəzarət vəzifəsini lazımi qaydada yerinə yetirib-yetirməməsi xüsusi qiymətləndirilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər