"Bu sualları cavablandıracaq şəxslər uşaqlar olmamalı idi" - Azər Həsrət
Bu gün Bakıdakı “İdrak” liseyində baş verən silahlı insident cəmiyyətdə ciddi narahatlıq doğurub. Hadisədən dərhal sonra əraziyə gedən media qurumları baş verənlərlə bağlı məlumat toplamaq məqsədilə həmin məktəbdə təhsil alan aşağı sinif şagirdləri ilə də müsahibələr aparıblar. Diqqət çəkən məqam isə azyaşlı məktəblilərin mikrofon qarşısında suallara cavab verərkən üzlərinin gizlədilməməsi və yanlarında valideyn və ya qanuni nümayəndə olmadan danışdırılmalarıdır. Bu görüntülər qısa zamanda mediada və sosial şəbəkələrdə geniş yayılıb. Bəs belə həssas bir hadisə fonunda azyaşlıların bu formada ictimaiyyətə təqdim edilməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən media eksperti Azər Həsrət vurğulayıb ki, azyaşlıların mediada görüntüləri yayımlanarkən onların üzü göstərilməməlidir:
“Ümumiyyətlə, yaxşı olardı ki, jurnalist həmkarlarımız həmin uşaqlardan informasiya alarkən çəkiliş aparmasın, həmçinin səsini paylaşmasınlar. Sadəcə məlumat almaq məqsədilə onları danışdırmaqları daha doğru olardı.
Başa düşüləndir ki, məktəbdə həyəcanlı anlar olub. Amma gərək məktəb rəhbərliyində təmsil olunan bir nümayəndə bu vəziyyətdə önə çıxmalı və media mənsublarının suallarını cavablandırmalı idi. Yəni, bu sualları cavablandıracaq şəxslər uşaqlar deyil. Ümumilikdə uşaqlar bu prosesə qatılmamalı idi”.

Azər Həsrət jurnalistlərin hadisə barədə geniş, çevik və operativ şəkildə məlumat almaq istəyini anladığını söyləyib:
“Amma burada 18 yaşdan aşağı uşaqlarla işdən söhbət gedirsə, qaydalara əməl etmək lazımdır.
Hətta qaydalara əməl etməyənlər cəzalandırıla da bilər. Çünki qanunvericiliyə əsasən, uşaqların adlarının çəkilməsi və ya üzünün göstərilməsi üçün onun valideynlərindən və ya himayədarı olan digər şəxslərdən icazə alınmalıdır.
Bu qaçaqaçda media işçilərinin sözügedən məsələni düşünməməyi göstərir ki, bizim jurnalistikamızda xeyli maarifləndirmə işləri aparılmalıdır”.
Ləman Sərraf






