media-inshot_20260416_173155792

Son illərdə oğurluq və digər təhlükəsizlik risklərinin qarşısını almaq məqsədilə bir çox məkanlarda müşahidə kameralarının quraşdırılması geniş yayılıb. Küçələrdə, şadlıq saraylarında, klinikalarda, restoranlarda və digər ümumi ictimai yerlərdə video-nəzarət sistemləri həm təhlükəsizliyin artırılması, həm də baş verən hadisələrin sübut olunması baxımından istifadə olunur. Lakin bu kameraların gizli şəkildə quraşdırılması və insanların bundan xəbərdar olub-olmaması hüquqi baxımdan müəyyən suallar yaradır və şəxsi həyatın toxunulmazlığı ilə bağlı qanunvericiliklə tənzimlənir.

Oğurluq hallarının qarşısını almaq məqsədilə ictimai yerlərdə (küçələr, şadlıq sarayları, klinikalar, restoranlar və s.) gizli kameraların quraşdırılması və istifadəsi Azərbaycan qanunvericiliyinə görə qanunidirmi və hansı hallarda bu, hüquqi məsuliyyət yarada bilər?

Bu barədə vəkil, AKHA-nın Tibb hüququ komitəsinin sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, oğurluğun qarşısını alma üçün kamera quraşdırmaq olar, amma gizli kamera adətən qanunsuz sayılır və mütləq xəbərdarlıq edilməlidir:

“Oğurluq hallarının qarşısını almaq məqsədilə kameraların quraşdırılması Azərbaycan qanunvericiliyi baxımından prinsip etibarilə mümkündür, lakin bunun gizli formada həyata keçirilməsi ümumi qayda olaraq qanuni sayılmır. Hüquqi meyar ondan ibarətdir ki, müşahidə qanuni məqsədə, zərurilik və proporsionallıq tələblərinə uyğun olsun, şəxslərin hüquqlarına əsassız müdaxilə yaratmasın. Azərbaycan Respublikası Konstitusiyası şəxsi həyatın toxunulmazlığını qoruyur, “Fərdi məlumatlar haqqında” Qanun isə video-görüntülər də daxil olmaqla şəxsi müəyyən etməyə imkan verən məlumatların toplanması və işlənməsinin hüquqi sərhədlərini müəyyən edir. Buna görə küçə, restoran, şadlıq sarayı, mağaza və digər ümumi istifadəyə açıq yerlərdə açıq şəkildə, əvvəlcədən məlumatlandırmaqla və yalnız təhlükəsizlik məqsədi ilə aparılan videomüşahidə müəyyən hallarda qanuni hesab oluna bilər; lakin eyni məqsədlə şəxslərin xəbəri olmadan gizli kamera yerləşdirilməsi artıq şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması hüquqları ilə ziddiyyət təşkil edir”.

media-inshot_20260416_172718783

R.Qaraşov qeyd edir ki, klinika, otel otağı və sanitar qovşaqlar kimi məxfilik yüksək olan yerlərdə gizli kamera quraşdırılması adətən qanunsuz sayılır və ciddi hüquqi, hətta cinayət məsuliyyəti yarada bilər:

“Xüsusilə şəxsin məxfilik gözləntisinin daha yüksək olduğu məkanlarda – məsələn, klinika, müayinə otağı, otel otağı, kirayə mənzil, soyunub-geyinmə yeri, sanitar qovşaq və oxşar sahələrdə – gizli kamera quraşdırılması, bir qayda olaraq, daha ağır hüquq pozuntusu kimi qiymətləndirilir. Belə hallarda söhbət təkcə müşahidədən deyil, həm də şəxsi və ailə həyatına, bəzən isə sağlamlıq məlumatları kimi həssas məlumatlara müdaxilədən gedir. Əgər görüntülər qanunsuz toplanır, saxlanılır və ya yayılırsa, bu, yalnız mülki və inzibati məsuliyyət deyil, həm də Cinayət Məcəlləsinin şəxsi həyatın toxunulmazlığının pozulmasına dair müddəaları üzrə cinayət məsuliyyəti yarada bilər. Nəticə etibarilə, oğurluğun qarşısını almaq məqsədi açıq və qanuni videomüşahidə mümkündür, amma gizli müşahidə yalnız qanunla müəyyən edilmiş qaydada çox məhdud vəziyyətlərdə mümkündür”.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər