media-photo-output

Son günlər bulvar ərazisində əkilmiş dağ lalələrinin və digər dekorativ güllərin insanların hərəkətləri nəticəsində zədələnməsi, qoparılması, hətta tapdalanaraq yararsız hala salınması halları müşahidə olunur. İstirahət üçün nəzərdə tutulmuş bu məkanda yaşıllıqların bu cür vəziyyətə düşməsi ətrafdakı insanları narahat edir, sosial şəbəkələrdə də narazılıqlar artır.

Bəs görəsən, bulvar ərazisində əkilmiş güllərin qoparılması və ya zədələnməsi qanunvericiliyə görə məsuliyyət yaradırmı və bu cür hallara görə hansı cərimələr tətbiq olunur?

Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, bu cür əməllər, o cümlədən Dənizkənarı Milli Park ərazisində yaşıllıqların zədələnməsi Azərbaycan qanunvericiliyinə görə inzibati məsuliyyət yaradır:

“Bəli, bu cür əməllər Azərbaycan qanunvericiliyinə əsasən hüquq pozuntusu hesab olunur. Şəhər ərazisində, xüsusilə də Dənizkənarı Milli Park kimi xüsusi mühafizə olunan yaşıllıq zonalarında əkilmiş dekorativ bitkilərin qoparılması, zədələnməsi və ya məhv edilməsi qanunla qadağandır. Bu hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yaşıllıqların qorunması ilə bağlı müddəaları ilə tənzimlənir. Belə hallarda şəxslər inzibati məsuliyyətə cəlb olunur”.

Vəkil qeyd edib ki, ictimai yaşıllıqlara ziyan vuran şəxslər 100-500 manat arası cərimələnə, daha ciddi zərər olduqda isə məbləğ minlərlə manata çata bilər:

“Ən sadə halda, yəni bir neçə gülün qoparılması və ya yüngül zədələmə zamanı fiziki şəxslər üçün adətən törədilən xətanın mahiyyətinə uyğun olaraq 100 manatdan 500 manatadək cərimə tətbiq edilir. Əgər daha çox sayda bitkiyə ziyan vurularsa və ya əraziyə ciddi zərər dəyərsə, bu məbləğ daha yüksək həddə – hətta minlərlə manata qədər arta bilər.

Vətəndaşlara tövsiyə olunur ki, ictimai yaşıllıqlara, xüsusilə park və bulvar ərazilərində əkilmiş dekorativ güllərə qarşı diqqətli və məsuliyyətli davransınlar. Bu bitkilər həm şəhərin estetik görünüşü, həm də ekoloji balans üçün vacibdir və onların qorunması hər bir vətəndaşın borcudur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər