“Zaxarovanın erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiyası əslində başa düşüləndir. Çünki bu, ilk belə hal deyil. İstər Ermənistan KİV təmsilçiləri, istərsə də Rusiyanın özündə ayrı-ayrı kütləvi informasiya vasitələrində işləyən erməni jurnalistlər davamlı şəkildə təxribatçı suallarla çıxış edirlər”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.


O bildirib ki, hər dəfə Azərbaycan-Rusiya münasibətlərində hansısa gərginlik meydana çıxanda münasibətlərin daha da gərginləşməsi üçün Rusiyanın rəsmi şəxslərinə bu kimi suallar ünvanlanır: “Çünki onların məqsədi Rusiya-Ermənistan münasibətlərindəki gərginlik fonunda Rusiyada Ermənistanla bağlı mənfi ictimai rəyi dəyişmək və hədəfə Azərbaycanı qoymaqdan ibarətdir.
Məsələ burasındadır ki, erməni jurnalistlər bu taktikadan uzun illərdir ki, istifadə edirlər və Rusiyada ictimai rəydə anti-Azərbaycan mövqeyinin təbliğ olunmasında elə Rusiyanın ayrı-ayrı rəsmi şəxslərinin də mövqeyi bu və ya digər şəkildə az rol oynamayıb. O cümlədən də Zaxarovanın.
Biz dəfələrlə həm Zaxarovanın, həm də xarici işlər naziri Lavrovun öz bəyanatları və açıqlamalarında anti-Azərbaycan mövqeyi ortaya qoyduqlarına şahidlik etmişik. Başqa sözlə desək erməni jurnalistlərin bu səpkili suallarına zamanında canla-başla münasibət bildirənlərdən biri də məhz elə Zaxarova olub. İndi onun belə suallardan yayınması və emosional reaksiyası isə Rusiyanın bu günki durumundan qaynaqlanır.
Ermənistanla gərgin görünən münasibətlər fonunda Azərbaycanla da münasibətləri gərginləşdirmək Rusiyanın marağında olmadığı üçün o erməni jurnalistin sualına bu şəkildə reaksiya verdi. Yəni bunun arxasında Zaxarovanın Azərbaycan sevgisi dayanmır”.

 

Səbinə Hüseynli


Bənzər xəbərlər