media-inshot_20260114_173329104

Ətrafımızda bürclərə inanan yetərincə insan var. Bəzən etdiyimiz hər hərəkət, dediyimiz hər söz bürclərlə əlaqələndirilir. Hətta bir insanı tanıyan zaman ona verilən ilk suallardan biri bürcünün növü olur. Ailə münasibətləri pozulan zaman “bu bürclərin yola getməyəcəyi əvvəldən bəlli idi” deyən də olur.

Cəmiyyətdə bürclərə inanma meyli hansı sosial və psixoloji ehtiyaclardan qaynaqlanır? Bu inancın fərdi davranışlara, münasibətlərə təsiri psixoloji baxımdan necə qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq Gülnar Orucova bildirib ki, çox qədim zamanlardan mövcud olan bürclərə bu gün də yetərincə maraq var:

“Məsələn, Nostradamus öz kitabında bürclərə yer vermiş, bu mövzuya dair geniş məlumatlar təqdim etmişdir. Ancaq ümumilikdə bürclər insanların batil inanclarına aiddir. Bürclərə əsaslanaraq həyatımızı qurmaq, gələcəyimizi planlaşdırmaq doğru deyil. Hətta bürcə görə bir insanı seçmək və ya seçməmək, həmin insanda bürcə əsasən qüsur axtarmaq da sağlam yanaşma sayılmaz.

İnsanlar tarix boyu gələcəklə maraqlanıblar, öz həyatlarının necə davam edəcəyini, nələr yaşayacaqlarını bilmək istəyiblər. Bu da bürclərə marağın formalaşmasına səbəb olub. İnsanların düşüncə tərzi də fərqli olur: optimistlər, pessimistlər və realistlər. Realistlər ümumiyyətlə bürclərə çox inanmırlar. Optimistlər nəyəsə inanmaqla xoşbəxt olmaq üçün bəhanə axtarırlar. Pessimistlər isə bürclərdən neqativ məqamlar tapıb münasibətləri mənfi istiqamətə yönəldə bilərlər”.

“Fala inanma, faldan da qalma” deyimini xatırladan psixoloq, bunun məsuliyyətli münasibətləri bürclərə əsaslanaraq yönəltmək üçün səbəb olmamalı olduğunu vurğulayıb:

“Əgər müəyyən bürclərin xüsusiyyətləri bəzi insanlara uyğun gəlirsə, bu bəzən sadəcə təsadüfi uyğunluq ola bilər. Məsələn, od ünsürlü bürclər çox enerjili, impulsiv və emosional olur. Digər bürclər isə daha sakit, uyğunlaşan xarakterdə ola bilər. Lakin bu yalnız müşahidə səviyyəsində qalmalıdır, həyat qərarlarının əsası olmamalıdır.

Dünyada heç bir ciddi müəssisədə insanları bürclərinə görə işə qəbul etmirlər. Qərb ölkələrində, xüsusilə Avropada işə qəbul zamanı insanların psixoloji durumu, davranışları və test nəticələri əsas götürülür, bürc isə ümumiyyətlə soruşulmur. Doğum tarixi qeyd olunsa da, hansı bürcdə olduğu kriteriya sayılmır.

Çünki insanın kimliyini müəyyən edən əsas amil onun düşüncə tərzi, davranışı və münasibətləridir. Əgər bir insan bürcə əsaslanaraq digər birinə qarşı mənfi fikir formalaşdırırsa, bu da münasibətə birbaşa təsir edir. Deyirlər ki, “Həyatını dəyişmək istəyirsənsə, düşüncəni dəyiş”. Bu fikrin arxasında güclü psixoloji və həyat fəlsəfəsi dayanır”.

media-inshot_20260114_173115500

G.Orucova təəssüf hissi ilə söyləyib ki, bürclər son dövrlər kommersiyalaşıb:

“Astrologiya adı altında insanlar bu sahədən gəlir mənbəyi kimi istifadə edirlər. Məsələn, doğum xəritəsi çıxarmaq üçün 700 manat tələb edənlər var. Halbuki bu məbləğə peşəkar bir psixoloq və ya həkimin qəbuluna getmək belə bu qədər baha başa gəlmir. Amma insanlar bəzən inanmaq ehtiyacından dolayı bu məbləğləri ödəyirlər. Hətta bəzi hallarda ali təhsili olmayan şəxslər özlərini astrolog kimi təqdim edirlər və fəaliyyət göstərirlər. Bunun əsas səbəbi insanların inanclarından, zəifliklərindən istifadə edərək gəlir əldə etməkdir.

Bürclərə yalnız əyləncə və maraq səviyyəsində yanaşmaq olar, amma həyatla bağlı ciddi qərarların bu mövzuya əsaslanaraq verilməsi düzgün deyil. İnsanı tanımaq üçün onunla münasibət qurmaq, birlikdə vaxt keçirmək, davranışlarını analiz etmək daha etibarlı və sağlam yanaşmadır”.

Həmsöhbətimiz əlavə edib ki, insanlar bəzən kiməsə və ya nəyəsə inanmaq üçün sadəcə bir bəhanə axtarırlar:

“Bu səbəbdən də bəziləri cəmiyyətdə müəyyən yerə və rola sahib olurlar. Sosial platformalar vasitəsilə özlərini təqdim etməyə çalışırlar, xüsusilə də bürclər haqqında məlumatlar yaymaqla, müxtəlif iddialarla çıxış edirlər.

Amma mən deyərdim ki, bürclərə çox da inanmaq lazım deyil. Eləcə də fala və falçılara inanmaq düzgün deyil. Çünki bu cür inanclar sizin həyatınızı dəyişməyəcək, əksinə, psixoloji gərginliklər, daxili narahatlıqlar yarada bilər. İnsanlar falçılara və ya bürc təhlillərinə görə kifayət qədər pul xərcləyirlər. Bunun nəticəsində maddi sıxıntıya düşürlər. Daha sonra isə həmin şəxslər (yəni falçılar və ya guya astroloji bilik sahibləri) əlinizdəki qalan pulları da almaq üçün əlavə “xidmətlər”, yeni “təkliflər” irəli sürürlər. Bu isə artıq təhlükəli bir döngəyə çevrilə bilər.

Əslində, bir insanı sevmək, onun yaxşı və ya pis biri olub-olmadığını müəyyən etmək üçün onun bürcünü bilmək kifayət deyil. Bir insanı tanımaq, onunla vaxt keçirmək, onu davranışlarına görə qiymətləndirmək daha real və sağlam yanaşmadır”.

Ləman Sərraf


Bənzər xəbərlər