"Cəmiyyətin "başqaları nə düşünər?" qorxusu psixoloqa müraciətlərin qarşısını alır" – Elnur Rüstəmov
Müasir dövrdə psixoloji dəstək insanın sağlam həyat tərzinin ayrılmaz hissəsi hesab olunsa da, Azərbaycanda bu sahədə hələ də ciddi çətinliklər mövcuddur. 2025-ci ilin yanvarında Ombudsmanın təşəbbüsü ilə aparılmış sorğu göstərir ki, Azərbaycanda psixoloq və psixiatr mütəxəssislərə müraciət etmək hələ də cəmiyyət tərəfindən “istənilməz” sayılır. Hazırda cəmiyyətdə ən aktual psixoloji problemlərdən biri – psixoloji yardıma müraciətə qarşı tabu və laqeyd münasibətdir. İnsanlar psixoloqa getməyi hələ də “zəiflik”, “ayıb” və ya “dəlilik” kimi qəbul edirlər. Bu səbəbdən minlərlə insan stress, depressiya, post-travmatik pozuntularla təkbaşına mübarizə aparmağa çalışır. Halbuki bu vəziyyət onların həm şəxsi həyatına, həm də sosial münasibətlərinə ciddi təsir göstərir. Cəmiyyətdə bu yanaşmanın köklənməsi isə daha çox yanlış təsəvvürlər, maarifləndirmənin azlığı və stereotiplərlə bağlıdır.
Psixoloq Elnur Rüstəmov Patrulaz.az-a bu barədə açıqlamasında bildirib ki, psixoloqa müraciəti bir çox insanlar ağır psixi pozuntularla eyniləşdirir və bunu stiqma ilə bağlayırlar:
“Azərbaycan cəmiyyətində psixoloqa müraciət məsələsinə hələ də müəyyən stereotiplərlə yanaşılır. Bir çox insanlar psixoloqa müraciəti yalnız “ağır psixi pozuntular”la eyniləşdirir və bunu sosial damğa (stiqma) ilə bağlayırlar. Halbuki, psixoloq dəstəyi həyatın müxtəlif dövrlərində stres, ailədaxili münasibətlər, uşaqların tərbiyəsi, iş yerlərində psixososial gərginlik, imtahan həyəcanı və ümumi emosional rifah kimi ən adi problemlərdə də ehtiyac duyulan normal bir xidmətdir. Bu mənfi yanaşmanın əsas səbəbləri arasında mən bir neçə mühüm faktoru qeyd etmək istərdim.
Bunlardan birincisi tarixi və mədəni stereotiplərdir. Belə ki, sovet dövründən qalma yanlış təsəvvürlər təəssüf ki, hələ də mövcuddur. O vaxt “psixiatriya” ilə “psixologiya” bir-birinə qarışdırılırdı və psixoloqa müraciət edən insan cəmiyyət tərəfindən “ruhi xəstə” kimi qəbul olunurdu. Bu gün də biz bəzən bu yanaşmanın şahidi oluruq.
İkinci vacib məqam maarifləndirmənin azlığıdır. Psixoloji xidmətlərin mahiyyəti, faydaları və əhatə dairəsi barədə kifayət qədər maarifləndirmə təəssüf ki, aparılmır”.
E. Rüstəmovun fikrincə, bir çox bölgələrdə psixoloji xidmətin yetərincə inkişaf etməməsi də psixoloqa müraciətlərin sayını azaldır:
“İnsanların çoxu psixoloqun yalnız problem yaşayan şəxslərə deyil, həm də şəxsi inkişaf və həyat keyfiyyətinin yüksəldilməsi üçün faydalı olduğunu bilmir.
Üçüncü vacib məqam sosial mühit və təzyiqdir. Cəmiyyətin “başqaları nə düşünər?” qayğısı hələ də mühüm amil kimi çıxış edir. İnsanlar yaxın çevrələrinin onları zəif, gücsüz və ya problemlərlə bacarmayan kimi dəyərləndirəcəyindən çəkindiklərinə görə psixoloqa müraciət etməkdə tərəddüd yaşayırlar. Başqa bir amil xidmətlərin əlçatanlığı ilə bağlıdır. Belə ki, bölgələrdə psixoloji xidmətlərin yetərincə inkişaf etməməsi, standartların formalaşmaması da müraciət sayını azaldır. Bütün bunlarla yanaşı, son illər vəziyyətin dəyişdiyini də qeyd etmək lazımdır. Xüsusən gənc nəsil, tələbələr, valideynlər və korporativ sektor artıq psixoloqa müraciəti daha normal qəbul edir. Pandemiya dövründə və müharibədən sonrakı illərdə psixoloji dəstəyin əhəmiyyəti daha aydın görünməyə başladı. Bu gün artıq bir çox ailə övladının məktəbə və ya universitetə hazırlığında, iş adamı isə karyerasında uğur qazanmaq üçün psixoloji dəstəyə üz tutur. Ona görə də psixoloqa müraciət etmək “problemli olmaq” yox, əksinə, “şüurlu və məsuliyyətli davranmaq” göstəricisidir. Necə ki, bədən sağlamlığı üçün həkimə müraciət etmək normal bir haldır, eyni ilə psixoloji sağlamlıq üçün də psixoloqa müraciət tamamilə təbii və vacibdir”.
Cəmilə Cəfərzadə






