media-inshot_20260224_144347042

Son illər Azərbaycanda da Çin istehsalı olan avtomobillərə maraq artsa da, bu nəqliyyat vasitələrinin bir qisminin alındıqdan qısa müddət sonra satışa çıxarıldığı müşahidə olunur. Avtomobil bazarındakı elanlar göstərir ki, bəzi sürücülər yeni aldıqları maşınları bir neçə ay istifadə etdikdən sonra yenidən satışa qoyurlar.

Bu tendensiya niyə formalaşıb?

Mövzu ilə bağlı Patrul.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bunun bir neçə səbəbini sadalayıb:

media-inshot_20260224_143905594

“Buna birinci səbəb alqı-satqı məqsədi daşıya bilər. İkincisi, alıcının zövqü dəyişə bilər. Üçüncüsü isə yaranmış hər hansı narazılıqla bağlı ola bilər. Təbii ki, hər kəsin müxtəlif səbəbi var və biz bunu dəqiq bilə bilmərik”.

Ekspert belə bir tendensiyanın formalaşdığının doğru olduğunu bildirib:

“Amma deyə bilmərik ki, bu tendensiya yalnız Çin avtomobillərinə aiddir. Digər ölkələrdə istehsal olunmuş avtomobillərdə bu tendensiyanın qurbanı olurlar”.

media-inshot_20260224_144209567

Bəs həqiqətən bu qədər avtomobillər içində Çində istehsal olunanlar niyə daha çox “gözə batır”? 

Son illərə qədər “Çin maşını” ifadəsi bir çox insanın gözündə ucuz, zəif keyfiyyətli və etibarsız avtomobil anlamına gəlirdi. Amma bazar dəyişdi. Çin istehsalçıları texnologiyaya milyardlarla investisiya yatırdı, dizayn komandalarına Avropa mütəxəssislərini cəlb etdi və elektrikli avtomobil sahəsində dünya liderliyinə oynamağa başladı. Bu gün artıq Çin avtomobillərinə əvvəlki kimi laqeyd yanaşmaq mümkün deyil. Amma hər şey göründüyü kimi də deyil.

Patrul.az Çin avtomobillərinin mənfi və müsbət cəhətlərini araşdırıb.

Çin avtomobillərinin ən böyük üstünlüyü qiymət–təklif balansıdır. Eyni təbəqədən olan Avropa və ya Yapon modelləri ilə müqayisədə daha münasib qiymətə daha zəngin komplektasiya təqdim edirlər. Məsələn, BYD, Chery və Geely kimi markalarda baza versiyada belə böyük sensor ekran, rəqəmsal panel, adaptiv kruiz-kontrol, 360° kamera kimi funksiyalar olur. Başqa markalarda bunlar əlavə paket kimi satılır.

Elektrikli avtomobil sahəsində isə Çin artıq qaydaları dəyişir. Batareya texnologiyası, yürüş məsafəsi və qiymət əlçatanlığı baxımından Çin istehsalçıları çox sürətlə irəliləyib. Bu sahədə xüsusilə BYD dünya miqyasında ciddi rəqibə çevrilib.

Dizayn məsələsində də ciddi sıçrayış var. Əvvəllər digər markalara bənzətmələr çox idi, indi isə öz üslubu formalaşır. Salonlarda minimalist yanaşma, iri ekranlar və “premium” hissi yaradan materiallar diqqət çəkir. Üstəlik, bir çox marka 5–7 il zəmanət təqdim edir ki, bu da alıcı üçün əlavə güvəndir.

Bəs mənfiləri nədir? 

Birincisi, uzunmüddətli etibarlılıq hələ tam sınaqdan keçməyib. Məsələn, Toyota və ya Volkswagen kimi markalar onilliklərdir bazardadır və keyfiyyət reputasiyası formalaşıb. Çin markalarının isə 10–15 illik real istismar statistikası hələ yeni yaranır.

İkinci məsələ ikinci əl bazarıdır. Çin avtomobillərinin dəyər itkisi bəzi hallarda daha sürətli ola bilər. Bu da avtomobili tez-tez dəyişənlər üçün risk faktoru yaradır.

Üçüncü vacib məqam servis və ehtiyat hissələridir. Rəsmi diler və servis şəbəkəsi güclü olan ölkələrdə problem azdır. Amma infrastruktur zəifdirsə, ehtiyat hissəsinin gözləmə müddəti və qiyməti narahatlıq yarada bilər.

Təhlükəsizlik məsələsi isə modeldən modelə dəyişir. Yeni nəsil avtomobillər artıq Avropa təhlükəsizlik testlərində yaxşı nəticə göstərir, lakin hər modeli ayrıca araşdırmaq lazımdır.

Ləman Sərraf


Bənzər xəbərlər