Cinayətkara bənzərliyi baha başa gəldi: 60 il həbs cəzası alan şəxs 8 ildən sonra azadlığa buraxıldı
Türkiyədə 60 il müddətinə azadlıqdan məhrum edilən şəxs 8 il həbs cəzası çəkdikdən sonra azadlığa buraxılıb.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Diyarbəkirdə 2016-cı ildə quldurluq hadisəsinə görə 60 il həbs cəzasına məhkum edilən şəxsin 8 ildən sonra günahsız olduğu ortaya çıxıb.
Belə ki, həmin il supermarketin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınan oğurluq hadisəsi ilə bağlı Mehmet Hüseyin Aydemir şübhəli qismində saxlanılıb. O, görüntülərdəki şəxsin özü olmadığını və hadisə zamanı Muşda olduğunu bildirsə də, ittihamları rədd etməsinə baxmayaraq 60 il həbs cəzasına məhkum edilib.
Həbsdə olarkən də günahsız olduğunu bildirən Aydemir 2023-cü ildə aclıq aksiyasına başlayıb. Daha sonra vəkili görüntüləri və Aydemirin fotoşəkillərini Ankaradakı cinayət laboratoriyasına təqdim edib.
Aparılan ekspertiza nəticəsində onun qulaq və burun quruluşunun videodakı şəxslə fərqli olduğu sübuta yetirilib. Nəticədə Aydemir 8 il həbsdə qaldıqdan sonra 2024-cü ildə azadlığa buraxılıb. Araşdırmalar onun cinayətkara bənzədiyi üçün yanlışlıqla həbs edildiyini üzə çıxarıb.


Gülbəniz Səfərov






