Çində keçirilən hərbi paradda nümayiş etdirilən ən son silahlar - ADLARI və ÖZƏLLİKLƏRİ
Çinin paytaxtı Pekində İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.
Patrulaz.az xəbər verir ki, müxtəlif ölkələrinin liderlərinin də iştirak etdiyi bu möhtəşəm paradda Çin özünün ən güclü və müasir silah arsenalını nümayiş etdirib.
Patrulaz.az paradda nümayiş olunan hərbi texniki vasitələrin adlarını və özəlliklərini təqdim edir:
Yeni nəsil silahlar – Paradın ən mühüm təqdimatı LY-1 adlı gəmi əsaslı lazer sistemi olub. Dünyanın ən güclü hərbi lazeri kimi tanıdılan bu silah pilotsuz uçuş aparatlarını və səsdən aşağı sürətli raketləri məhv etmək gücünə malikdir. İlk dəfə ictimaiyyətə göstərilən DF-61 qitələrarası ballistik raketi isə mütəxəssislər tərəfindən 12–15 min km məsafəni qət edə bilən və 10 nüvə başlığı daşıya bilən DF-41-in davamçısı kimi sayılır.
Yerüstü qüvvələr – T-99B və T-100 tankları, intellektual idarəetmə sistemi ilə təchiz olunmuş zirehli maşınlar paradda diqqət çəkib. Bundan başqa, amfibiya texnikası, hücum piyada maşınları və özüyeriyən haubitsalar da nümayiş etdirilib.
Hipersəsli silahlar – YJ-21, DF-17 və DF-26D tipli raketlər sürəti, dəqiqliyi və müdafiə sistemlərini yarmaq qabiliyyəti ilə seçilib.
Pilotsuz sistemlər – Parad zamanı döyüş dronlarının vahid idarəetmə sistemi altında qrup şəklində hərəkəti nümayiş olunub.
Kreyser və gəmiəleyhinə raketlər – CJ-20A, YJ-18C, CJ-1000 uzaq məsafəli hədəfləri vurmaq üçün hazırlanıb. YingJi-19, YingJi-17 və YingJi-20 raketləri isə aviadaşıyıcı qruplara qarşı istifadəyə yönəlib.
Nüvə qüvvələri – Çin ilk dəfə olaraq “nüvə triadası”nı quru, dəniz və hava bazalı silahlarını eyni anda təqdim edib. Bunlara JL-1 hava raketi, JL-3 sualtı raketi, DF-61 və DF-31BJ yerüstü raketləri daxildir.
Aviasiya – Paradın səmavi hissəsində isə J-16D, J-20, J-35A, J-20S və J-20A qırıcıları Tyananmen meydanı üzərindən uçaraq hərbi güc nümayiş etdirib.
Beləliklə, Çin dünyaya həm texnoloji, həm də hərbi güc mesajı göndərərək ən son inkişaflarını göstərib.






