Çörəyin içindən inşaat mıxı çıxdı - FOTO
Türkiyənin Reyhanlı vilayətinin Yenimahalle qəsəbəsində yaşayan Mehmet Bozar və ailəsi səhər yeməyi etmək istədikləri vaxt xoşagəlməz bir hadisə ilə qarşılaşıblar.
Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, marketdən alınan çörəyin içindən inşaat mıxı çıxıb. Mehmet Bozar çörəyin içindəki mıxın görünmədiyini və yaşananlara etiraz etdiyini bildirib.
Bozar hadisəni Reyhanlı Vilayəti Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinə bildirərək dərhal məlumat verib. Qısa müddət ərzində əraziyə gələn kənd təsərrüfatı müfəttişlərinə mıx təhvil verilib.
Hadisə barədə danışan Mehmet Bozar bildirib: “Keçən şənbə günü övladımı zəncir marketlərdən birinə göndərdim. Səhər yeməyi üçün tost hazırlamaq istəyirdik. Çörəyin nə üstündən, nə də altından görünməyəcək şəkildə içindən inşaat mıxı çıxdı. Həyat yoldaşım tostu yemək istədiyi vaxt mıx ağzına gəldi. Mıxı çıxarıb məsul şəxslərə təhvil verdik. Aidiyyəti qurumlardan lazımi tədbirlərin görülməsini istəyirəm. Mıxın üzərinə diqqətlə baxdıqda xəmirin ona yapışıb bişdiyini görmək olurdu. Vəzifəlilər məndən həm mıxı, həm də çörəyi istədilər. Mən də onları Kənd Təsərrüfatı Müdirliyinə təhvil verdim. Həyat yoldaşım mıxı udmuş olsaydı, ciddi nəticələr ola bilərdi. Allahdan ki, həyat yoldaşım bunu vaxtında fərq edib çıxara bildi”.







