Covid-19 peyvəndinə tələbat azalıb!
Alman biotexnologiya şirkəti “BioNTech”, “Covid-19” peyvəndinə tələbat azaldığından keçən il 665,3 milyon avro itirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, “BioNTech” 2024-cü ilin son rübü və bütün il üçün maliyyə məlumatlarını dərc edib.
Buna uyğun olaraq 2023-cü ildə 930,3 milyon avro xalis mənfəət əldə edən şirkət ötən il 665,3 milyon avro xalis zərər açıqlayıb. Beləliklə, şirkət 2019-cu ildən bəri ilk dəfə bir maliyyə ilində mənfəət əldə edə bilməyib.
“BioNTech”in gəliri keçən il əvvəlki ilə nisbətən yüzdə 27 azalaraq, 2 milyard 751 milyon avroya düşüb. Şirkət 2023-cü ildə 3 milyard 819 milyon avro gəlir əldə edib.
Şirkətin 2023-cü ildə 3,83 avro olan səhm başına xalis mənfəəti 2024-cü ildə 2,77 avro zərərə çevrilib.
Şirkətdən verilən açıqlamada, gəlirlərin azalmasının əsas səbəbinin şirkətin dünya üzrə Covid-19 vaksinlərinin satışından əldə etdiyi gəlirlərin azalması olduğu bildirilib.
Alman şirkəti bu il 1,7-2,2 milyard avro arasında satışa nail olmağı hədəfləyir.