Çox su içmək orqanizm üçün həmişə faydalıdırmı?
Səhər gözümüzü açanda ilk eşitdiyimiz tövsiyələrdən biridir: “Bol su için!”. “Gündə 2 litr”, “Dəriniz parlasın deyə su için”, “Açlıq hiss edəndə su için” və s. Sosial şəbəkələrdə, həyat tərzi bloqlarında və sağlamlıq rubrikalarında bu mesaj daim təkrarlanır. Təbii ki, su içmək vacibdir. Amma suyun da bir dozası var. Bəs bu hədd aşılanda nə baş verir?
Patrulaz.az mövzu haqqında araşdırma edib.
Su həyatdır, amma…
Su insan bədəni üçün əvəzolunmazdır. Qanımızın, hüceyrələrimizin, orqanlarımızın sağlam çalışması üçün hidrasiya vacibdir. Amma hər faydalı şeyin çoxu zərərli ola bilər. Su da bu qaydanın istisnası deyil.
Son illərdə sağlam həyat eşqiylə bir çox insan gündə 4-5 litr su içməyi vərdiş halına gətirib. Ancaq bu vərdişin bəzən zərərli nəticələr doğurduğu hallar da az deyil.
“Su zəhərlənməsi” – Bəli, belə bir şey var!
Tibbi dildə “hiponatremiya” adlanan vəziyyət çox su içildikdə bədəndəki natrium səviyyəsinin kəskin azalmasıyla yaranır. Bu, hüceyrələrin, xüsusilə də beyin hüceyrələrinin şişməsinə səbəb olur. Nəticə isə:
– Baş ağrısı
– Bulantı və qusma
– Başgicəllənmə
– Şüur pozuntuları
– Hətta komaya qədər gedən hallar
2014-cü ildə Londonda bir marafon zamanı iştirakçılardan biri çox su içdiyi üçün xəstəxanalıq olmuşdu. Bu tip hallar az olsa da, mümkün və təhlükəlidir.
Bədən susuz qalanda xəbər verir, bəs çox su içəndə?
Susuz qalanda bədən dərhal siqnal verir: quru ağız, baş ağrısı, halsızlıq, dəridə solğunluq. Amma çox su içdikdə siqnallar daha gizli və gec gəlir.
Tez-tez sidiyə çıxmaq, əllərdə və ayaqlarda şişkinlik, halsızlıq bu vəziyyətin ilkin xəbərçiləridir. Hətta ürək-damar sistemi əlavə təzyiq altında qalır.
Su içmək ehtiyac, yoxsa “challenge”?
Sosial media “Gündə 5 litr su içdim – bədənim necə dəyişdi?” videoları ilə doludur. İnsanlar sağlamlıq uğrunda bir yarışın içindədir sanki. Ancaq su içmək yarış deyil, instinktiv bir ehtiyacdır. Su içməyi məcburiyyətə çevirmək bədənlə əlaqəni kəsmək deməkdir.
Həkimlər nə deyir?
Diyetoloqlar və nefroloqlar bildirir ki, su ehtiyacı hər kəs üçün fərqlidir.
Bura aşağıdakılar təsir edir:
– Fəallıq səviyyəsi
– Havanın temperaturu
– Tər ifrazatı
– Bədən çəkisi
– Xroniki xəstəliklər
Məsələn, idmanla məşğul olmayan, kondisionerli ofisdə oturan biri ilə açıq havada fiziki iş görən şəxsin su ehtiyacı eyni ola bilməz.
Qızıl qayda: Bədənini dinlə
Ən doğru yanaşma susadıqca içməkdir.
Əgər sidiyiniz açıq rənglidirsə, ağız quruluğu yoxdursa və özünüzü enerjili hiss edirsinizsə, bu, bədəninizin kifayət qədər su ilə təmin olunduğunu göstərir.
Son olaraq, suyu həyat mənbəyi kimi görmək doğrudur. Amma həyatın özü kimi, onu da ölçülü yaşamaq lazımdır. Sağlamlığın sirri çox su içməkdə deyil, bədənini dinləməkdə və ona ehtiyacı qədərini verməkdədir.
Ləman Sərraf






