Crocus City Hall terroru ilə bağlı məhkəmə prosesi başlayıb - TƏFƏRRÜATLAR
2024-cü ildə Moskvada baş verən və 147 nəfərin həyatına son qoyan Crocus City Hall terror aktı ilə bağlı istintaq yekunlaşıb, məhkəmə prosesi isə başlayıb.
Patrulaz.az xəbər verir ki, proses qapalı rejimdə keçirilir və ümumilikdə 19 nəfər mühakimə olunur. Onlardan 4 nəfər – Dalerdjon Mirzoyev, Saidakram Rachabalizoda, Shamsiddin Fariduni və Muhammadsobir Faizov birbaşa hücumun iştirakçıları kimi tanınıb. Məlumata görə, bu şəxslər Tacikistan əsillidir və terror aktının törədilməsində əsas icraçılar olublar. Digər 15 nəfər isə bu cinayət işində şərik qismində məsuliyyətə cəlb olunub.
İstintaqın gəldiyi nəticəyə görə, hücum İslam Dövləti – Xorasan Vilayəti radikal qruplaşması tərəfindən, xarici kəşfiyyat xidmətlərinin dəstəyi ilə və “Ukraynanın ali rəhbərliyinin maraqları naminə” təşkil edilib. Prokurorluq həmin şəxslərin xaricdə gizlənən təşkilatçıların göstərişi ilə hərəkət etdiyini bildirir.
Qeyd edək ki, 31 yaşlı Dalerdjon Mirzoyev hücumun əsas iştirakçılarından biri hesab olunur.
Xatırladaq ki, 2024-cü ilin mart ayında, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Crocus City Hall konsert salonunda “Piknik” qrupunun çıxışı öncəsi terror aktı baş verib. Təxminən saat 20:00 radələrində 4 silahlı şəxs əvvəlcə mühafizəçilərə, ardınca isə tamaşaçılara atəş açıb. Onlara müqavimət göstərilmədiyindən, konsert zalına qədər irəliləyərək qarşılarına çıxan hər kəsə atəş açıblar. Daha sonra isə binanı yandırıblar.
Cəmi 18 dəqiqə davam edən hücum nəticəsində 147 nəfər həlak olub, 300-dən çox insan yaralanıb, 3 nəfər isə itkin düşüb.


Gülbəniz Səfərova






