“Davosda keçirilən görüşlər Azərbaycanın dünya arenasında artan nüfuzunu təsdiqləyir” – ŞƏRH
“Davosda keçirilən Dünya İqtisadi Forumunun 54-cü illik toplantısı qlobal iqtisadi və siyasi prioritetlərin müəyyənləşdirilməsi üçün əsas platformaya çevrilib. Prezident İlham Əliyevi tədbir çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edib və bu, ölkəmizin etibarlı iqtisadi tərəfdaş və regional əməkdaşlıq qovşağı kimi artan rolunu vurğulayıb”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev üç gün ərzində dövlət başçıları, aparıcı qlobal korporasiyaların rəhbərləri, iri beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlar Azərbaycanın qarşılıqlı faydalı tərəfdaşlığın inkişafında əsas oyunçu kimi mövqeyini daha da gücləndirib: “Dövlətimizin başçısının iştirak etdiyi görüşlərdə investisiyaların cəlb edilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və qlobal enerji təhlükəsizliyi məsələləri qaldırılıb ki, bu da ölkənin qlobal çağırışların həllində strateji əhəmiyyətini önə çıxarır.
Almaniya kansleri Olaf Şolz və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, o cümlədən təbii qaz ixracının genişləndirilməsində və Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsində rolu müzakirə edilib. Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlarda Azərbaycanın siyasi, iqtisadi və enerji sahələrini əhatə edən ikitərəfli münasibətlərin inkişafına sadiqliyi təsdiqlənib.
İraq və İsrail rəhbərliyi ilə görüşlərdə də iqtisadi və mədəni əlaqələrin inkişafında qarşılıqlı maraq vurğulanıb. İraq Prezidenti Əbdül Lətif Camal Rəşid və Kürdüstanın Baş naziri Məsrur Bərzani ilə danışıqlarda ticarət və humanitar əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, İsrail Prezidenti İsaak Hersoqla görüş isə Azərbaycan və İsrail xalqları arasında tarixi dostluğa bir daha diqqət çəkib.
Prezident İlham Əliyevin dünya liderləri ilə görüşləri ilə yanaşı, iri beynəlxalq şirkətlərin rəhbərləri ilə danışıqları Azərbaycanın investisiya məkanı kimi cəlbediciliyini diqqət mərkəzinə çıxarıb. Carlsberg Group-un müraciəti əsasında dövlətimizin başçısı Müşahidə Şurasının sədri Henrik Poulsen və baş icraçı direktoru Yakob Arup-Andersen ilə görüşüb. Şirkətin nümayəndələri ölkədəki əlverişli investisiya mühitini yüksək qiymətləndirib və Azərbaycanda istehsal etdiyi məhsulların istehsalının artırılması planlarını açıqlayıblar.
DP World şirkətinin baş direktoru Sultan Əhməd bin Sulayem ilə görüş də az əhəmiyyət kəsb etməyib. Müzakirələr zamanı Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin təklif etdiyi imkanlar müzakirə olunub. Danışıqlar Azərbaycanın qlobal ticarət və logistika inteqrasiyası üçün əhəmiyyətini təsdiqləyib.
Prezident İlham Əliyev “Goldman Sachs Group Inc” şirkətinin beynəlxalq məsələlər üzrə prezidenti Cared Koen ilə də görüşüb. 2010-cu ildən Azərbaycanla əməkdaşlıq edən şirkət ölkənin maliyyə sektorunun inkişafına dəstək verməyə və yeni investisiya imkanlarını araşdırmağa hazır olduğunu bildirib. Bu görüş Azərbaycanın qlobal maliyyə sisteminə inteqrasiyasının növbəti təsdiqi hesab oluna bilər.
Səfərin gündəliyində Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso ilə görüşü xüsusi yer tutur. Cari və gələcək layihələr, o cümlədən Gəncədə su ehtiyatlarının idarə olunması sisteminin maliyyələşdirilməsi müzakirə edilib. Görüşün yekununda Azərbaycanın aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığında növbəti mərhələyə çevrilən kredit sazişi imzalanıb.
Şübhəsiz ki, cənab Prezidentin Davosda keçirdiyi mühüm görüşlər Azərbaycanın dünya arenasında artan nüfuzunu bir daha təsdiqləyir.
Dünya liderlərinin və iri şirkətlərin Azərbaycanla müzakirələrdə fəal iştirakı Prezident İlham Əliyevin liderliyinə artan inamı və regionun gələcəyinin formalaşmasında ölkəmizin əhəmiyyətini nümayiş etdirir. Bu təmaslar Azərbaycanın iqtisadi potensialını, davamlı inkişaf və tərəqqi naminə qlobal tərəfdaşlıqların inkişafına sadiqliyini vurğulayır”.
Səbinə Hüseynli






