DÇ 2026: "Santuşun getməsi millimizin Ukrayna ilə oyununa təsir edəcək" - ŞƏRH
Azərbaycan milli komandası bu gün Ukrayna milli komandasına qarşı DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır. Azarkeşlər qarşıdakı matçla bağlı böyük maraq içindədirlər. Son günlərdə baş məşqçi Fernandu Santuşun istefası və komandanın sükanını yeni mütəxəssisin ələ alması isə diqqəti daha da artırıb. Fernandu Santuşla yolların ayrılmasından sonra komandaya Ayxan Abbasov rəhbərlik etməyə başlayıb.
Maraqlıdır, bu dəyişiklik millimizin oyununa necə təsir göstərəcək və futbolçular azarkeşlərin gözləntilərini doğrulda biləcəklərmi?
Futbol eksperti Emin Abbasov Patrulaz.az-a açıqlamasında bildirib ki, Ayxan Abbasovun komandanı bu oyuna hazırlamağa vaxtı olmayıb:
“Açığı, çox mürəkkəb durumdur. Çünki milli komandanın başına keçən Ayxan Abbasovun komandanı bu oyuna hazırlaşdırması üçün demək olar ki, vaxtı olmayıb. Amma burada bəzi nüansları qeyd etmək vacibdir. Birincisi, Ayxan Abbasov taktiki cəhətdən çox savadlı mütəxəssisdir və işlədiyi bütün yerlərdə komandaları eyni sistemlə oynadıb. Düşünürəm ki, millimiz də bu gün Ukraynaya qarşı həmin üç mərkəz müdafiəçili düzülüşlə çıxacaq. İkincisi, Ayxan Abbasov adətən işlədiyi komandalarda daha zəif heyətlə güclülərə qarşı mübarizə aparmağa alışmış mütəxəssisdir. Yəni, bu anlamda da millidəki vəziyyət ona yad deyil”.
E. Abbasov Santuşun Ayxan Abbasovla əvəzlənməsinin bu oyuna öz təsirini göstərəcəyini vurğulayıb:
“Mən çox inanıram ki, Santuşun Abbasovla əvəzlənməsi Ukrayna ilə oyuna öz təsirini göstərəcək. İlk növbədə, Santuşdan fərqli olaraq Ayxan Abbasov azərbaycanlıdır və o, bu milli ruhu futbolçulara aşılamaq üçün əlindən gələni edəcək. Düzülüş, heyət seçimi və digər amillər də oyuna öz təsirini edəcək. Düşünmürəm ki, millimiz Santuşun vaxtındakından pis olsun. Məncə, İslandiya oyunu ilə müqayisədə Ukraynaya qarşı daha yaxşı oynayacaqlar”.
Qeyd edək ki, sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ukrayna milli komandaları Tofiq Bəhramov adına Respublika Stadionunda saat 19:00-da qarşılaşacaqlar.
Cəmilə Cəfərzadə






