media-inshot_20260318_090802800

Hindistanın paytaxtı Yeni Dehlidə sosial media üçün məzmun hazırlamaq istəyən gəncin cəhdi faciə ilə nəticələnib.

Patrul.az xəbər verir ki, hadisə martın 16-da şəhərin New Ashok Nagar rayonunda baş verib. 28 yaşlı daşınmaz əmlak agenti Pawan Kumar “Instagram” platforması üçün “Reels” videosu çəkərkən ehtiyatsızlıqdan özünə atəş açıb.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə gəncin əmisi oğlu Himaşuya məxsus lisenziyalı tapança ilə oynadığı əks olunub. P.Kumar silahı dolduraraq gülümsər halda kameraya baxıb və lüləni sinəsinin sol nahiyəsinə dayayıb.

Videonu çəkən qohumu isə ona hind dilində dəfələrlə “Atəş açma, qardaş!” deyərək xəbərdarlıq etsə də, gənc tətiyi çəkib.

Güllə yarası alan şəxs dərhal yaxınlıqdakı “Dharamshila Narayana” xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli polis tərəfindən araşdırma başladılıb. Silahın sahibi olan Himanşu ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə saxlanılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər