"Depressiya mövsüm seçmir" - Psixoloqdan yay aylarında özünü pis hiss edənlərə VACİB TÖVSİYƏ
Yay ayları əksər insanlar üçün istirahət, səyahət və pozitiv emosiyalarla əlaqələndirilsə də, bəzi insanlar məhz bu mövsümdə özlərini daha yorğun, həvəssiz və emosional cəhətdən gərgin hiss edirlər. Mütəxəssislər bildirirlər ki, bu hal “yay depressiyası” və ya mövsümi affektiv pozuntunun yay forması ilə əlaqəli ola bilər. Bəs yay depressiyası həqiqətən mövcuddurmu, onu digər psixoloji vəziyyətlərdən necə ayırmaq olar?
Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirir ki, yay depressiyası vaxtında fərq edilərək peşəkar dəstək alındıqda idarə oluna bilən bir vəziyyətdir və əlamətlər uzun müddət davam edərsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur:
“Bir çox insan depressiyanın yalnız payız və qış aylarında yarandığını düşünür. Halbuki bəzi insanlar üçün yay ayları da emosional baxımdan çətin keçə bilər. Bu vəziyyət psixologiyada yay depressiyası və ya mövsümi affektiv pozuntunun yay tipi kimi tanınır. Yay mövsümü hər kəs üçün sevinc, istirahət və enerji demək deyil. Havanın həddindən artıq isti olması, yuxu rejiminin pozulması, sosial təzyiq, tətillə bağlı gözləntilər, maliyyə narahatlıqları və gündəlik həyat ritminin dəyişməsi bəzi insanlarda psixoloji gərginliyi artıraraq depressiv əlamətlərə səbəb ola bilər.
Yay depressiyasının əsas əlamətləri:
– Davamlı kədər və ümidsizlik hissi;
– Əsəbilik və tez qıcıqlanma;
– Yuxusuzluq və ya keyfiyyətsiz yuxu;
– İştahanın azalması və çəki itkisi;
– Enerji çatışmazlığı və halsızlıq;
– Sevdiyi fəaliyyətlərə marağın itməsi;
– Narahatlıq və daxili gərginlik;
– İnsanlardan uzaqlaşmaq və tək qalmaq istəyi;
– Diqqətin cəmlənməsində çətinlik”.

Psixoloq qeyd edir ki, depressiya mövsüm seçmir. Psixi sağlamlığa qayğı göstərmək fiziki sağlamlıq qədər vacibdir:
“Bu əlamətlər iki həftədən artıq davam edir və gündəlik həyatınıza, işinizə və ya ailə münasibətlərinizə mənfi təsir göstərirsə, mütləq psixoloq və ya psixiatr dəstəyi almaq tövsiyə olunur.
Nə etmək olar?
– Yuxu rejiminizi qoruyun;
– Gün ərzində kifayət qədər su qəbul edin;
– İsti saatlarda fiziki yüklənmədən çəkinin;
– Özünüzü başqaları ilə müqayisə etməyin;
– Yaxınlarınızla ünsiyyəti davam etdirin;
– Gündəlik kiçik də olsa zövq aldığınız fəaliyyətlərə vaxt ayırın;
– Lazım olduqda peşəkar psixoloji dəstək almaqdan çəkinməyin.
Unutmayın ki, depressiya mövsüm seçmir. Psixi sağlamlığınıza diqqət göstərmək fiziki sağlamlığınız qədər vacibdir. Duyğularınızı görməzlikdən gəlmək əvəzinə, onları anlamağa və vaxtında dəstək almağa çalışın”.
Cəmilə Cəfərzadə






