media-0x0-kediler-favori-insanlarini-nasil-secerler-sebebini-duyunca-cok-sasiracaksiniz-1769151743311

Pişiklərin kimə daha çox yaxınlıq göstərməsi təsadüfi deyil. Bu seçim onların təhlükəsizlik hissi, gündəlik rutin və insanın davranış tərzi ilə birbaşa bağlıdır. Aparılan araşdırmalar pişiklərin insanlarla münasibət qurarkən bir neçə əsas amilə diqqət yetirdiyini göstərir.

Patrul.az-ın araşdırmasına görə, əsas səs tonu və bədən dili önəmlidir.

Araşdırmalara görə, pişiklər alçaq, sakit və yumşaq səs tonuna malik insanlara daha tez öyrəşirlər. Əksinə, yüksək səslə danışmaq və ya qışqırmaq onlarda stres yarada bilər. Bədən dili də böyük rol oynayır. Pişiklər uzun müddət birbaşa göz təmasını aqressiya əlaməti kimi qəbul edə bildiyindən, sakit və təbii davranan insanlara daha çox etibar edirlər.

Pişiklər yaşadıqları mühiti daim nəzarətdə saxlayır və onlara yemək verən, su qabını yeniləyən, tualetini təmizləyən şəxsi təhlükəsizliyin təminatçısı kimi qəbul edirlər. Mütəxəssislərin fikrincə, gündəlik qayğının ardıcıl olması pişiyin həmin insana bağlanmasını sürətləndirən əsas amillərdəndir.

Heyvan davranışı üzrə mütəxəssislər pişiyin yavaş-yavaş göz qırpmasını onun etibar əlaməti kimi qiymətləndirirlər. Bu davranış bəzən “pişik öpüşü” də adlandırılır və “yanında özümü təhlükəsiz hiss edirəm” mənasını verir.

Bundan başqa, pişik başını və ya yanaqlarını sahibinə sürtürsə, bu da təsadüfi deyil. Bu zaman o, feromonlarını insanın üzərinə ötürərək onu öz ailəsinin və təhlükəsiz mühitinin bir hissəsi kimi qəbul etdiyini göstərir.

Pişiyin yuxu zamanı seçdiyi mövqe də onun sizə nə dərəcədə güvəndiyini göstərən əsas əlamətlərdəndir. Əgər pişik qarnını açaraq və ya kürəyi üstə uzanırsa, bu, onun özünü tam təhlükəsiz hiss etdiyini göstərir. Başınızın və ya sinənizin yaxınlığında yatması isə həm bədən istiliyindən faydalanmaq, həm də ürək döyüntüsünü hiss edərək özünü rahat hiss etmək istəyindən irəli gəlir.

Mütəxəssislər qeyd edirlər ki, pişiklərin sevgisini qazanmağın sirri onları məcbur etməkdə deyil, onlara sabit qayğı göstərməkdə, şəxsi məkanlarına hörmət etməkdə və səbirli davranmaqdadır.


Bənzər xəbərlər