“XXI əsrdə iş tapmaq üçün təkcə diplom kifayət deyil” - EKSPERT RƏYİ
Əmək bazarında sürətlə dəyişən tələblər, rəqəmsal peşələrin artması və praktiki bacarıqlara verilən önəmin yüksəlməsi fonunda universitet diplomunun rolu yenidən müzakirə olunur. Bir tərəfdən ali təhsil hələ də bir çox peşələr üçün əsas şərt hesab edilir, digər tərəfdən isə işəgötürənlər getdikcə daha çox namizədin real bilik və bacarıqlarına üstünlük verirlər.
Bəs bugünkü əmək bazarında universitet diplomu iş tapmaq üçün hələ də əsas amildirmi, yoxsa diplom artıq yalnız formal sənədə çevrilib? Müasir işəgötürənlər seçim edərkən daha çox nəyə üstünlük verirlər – ali təhsilə, yoxsa praktiki bacarıq və təcrübəyə?
Bu sualları aydınlaşdırmaq üçün Patrul.az təhsil üzrə ekspert Vüsət Əzizovun fikirlərini öyrənib.
O bildirib ki, diplom hələ də əhəmiyyətini qoruyur, lakin artıq təkbaşına iş tapmağa zəmanət vermir:
“Əgər 15-20 il əvvəl diplom əsas üstünlük sayılırdısa, bu gün əmək bazarında işəgötürənlər daha çox namizədin bacarıqlarına, praktik təcrübəsinə və nəticə göstərmək qabiliyyətinə diqqət yetirirlər. Bununla belə, ‘diplom artıq sadəcə fiqurdur’ demək də doğru olmaz. Bir çox peşələrdə – müəllimlik, həkimlik, mühəndislik, hüquq və dövlət qulluğu kimi sahələrdə ali təhsil diplomu hələ də əsas tələbdir. Diplom olmadan həmin peşələrdə çalışmaq mümkün deyil”.

Həmsöhbətimiz qeyd edib ki, bəzi sahələrdə isə diplomdan daha çox praktiki bacarıqlar ön plana çıxır:
“Digər tərəfdən, İT, marketinq, dizayn, satış və bəzi sahibkarlıq sahələrində isə diplomdan daha çox portfel, sertifikatlar, layihələr, xarici dil bilikləri və real iş təcrübəsi ön plana çıxır”.
Ekspertin sözlərinə görə, ali təhsil müəssisələri müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığına daha çox diqqət yetirməlidirlər:
“Universitetlər yalnız diplom verməklə kifayətlənməməli, tələbələrə əmək bazarının tələb etdiyi praktik bacarıqları, təcrübə imkanlarını və müasir kompetensiyaları da qazandırmalıdır. Əks halda, diplomun dəyəri tədricən azalır”.
Vüsət Əzizov sonda vurğulayıb ki, müasir dövrdə uğurun əsas şərti diplomu bilik və bacarıqla tamamlayaraq əmək bazarının tələblərinə uyğunlaşmaqdır:
“Qısası, XXI əsrdə iş tapmaq üçün təkcə diplom kifayət deyil. Diplom vacibdir, amma onu bilik, bacarıq və təcrübə ilə tamamlayan məzun əmək bazarında həmişə daha üstün mövqedə olur”.
Ləman Sərraf






