Eyni dəniz, fərqli qiymətlər: Yan-yana olan çimərliklərdəki bu fərqin SƏBƏBİ NƏDİR?
Yay mövsümündə dənizkənarı çimərliklərə üz tutan insanların sayı kəskin artır. Maraqlıdır ki, bəzən eyni sahildə, hətta bir-birinin yanında fəaliyyət göstərən iki çimərlikdə giriş haqqı, şezlonq, çətir və digər xidmətlərin qiymətləri arasında nəzərəçarpacaq fərq olur. Bu isə istirahətə gələnlər arasında “Eyni dəniz, eyni ərazi olduğu halda qiymətlər niyə fərqlənir?” sualını gündəmə gətirir.
Bu fərqi müəyyən edən əsas iqtisadi amillər hansılardır?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, eyni sahildə fəaliyyət göstərən çimərliklər arasında qiymət fərqi xidmət keyfiyyəti, xərclər, infrastruktur və sahibkarın qiymət siyasəti ilə izah olunur:
“Eyni sahildə yanaşı fəaliyyət göstərən iki çimərliyin qiymətlərinin fərqli olması bazar iqtisadiyyatında normal hal hesab olunur. Qiyməti müəyyən edən əsas amillər göstərilən xidmətin səviyyəsi, infrastruktur, xərclər və müəssisənin qiymət siyasətidir. Məsələn, bir çimərlik daha keyfiyyətli xidmət, daha təmiz ərazi, hovuz, restoran, əyləncə zonaları, təhlükəsizlik və əlavə komfort təklif edirsə, bunun xərcləri də yüksək olur və bu, qiymətlərdə öz əksini tapır. Digər tərəfdən, hər bir sahibkar öz biznes strategiyasına uyğun qiymət müəyyən edir. Bəziləri yüksək qiymət hesabına daha az müştəriyə xidmət göstərməyi, digərləri isə daha aşağı qiymətlə daha çox müştəri cəlb etməyi seçir. Müştərilərin ödəməyə hazır olduqları məbləğ də qiymətlərin formalaşmasına təsir edən əsas amillərdəndir”.

İqtisadçı qeyd edir ki,güclü rəqabət olan bazarda qiymətlər daha çox xidmətin dəyərinə uyğun formalaşır, seçim imkanları az olduqda isə bu tarazlıq pozula bilər:
“Əgər eyni ərazidə fəaliyyət göstərən çimərliklər arasında real rəqabət mövcuddursa, istehlakçılar xidmət və qiymət baxımından özlərinə uyğun variantı seçə bilirlər. Belə şəraitdə bazar özü qiymətlərin müəyyən tarazlıqda formalaşmasına kömək edir. Bununla yanaşı, əgər rəqabət zəifdirsə və ya seçim imkanları məhduddursa, qiymətlər xidmət səviyyəsi ilə tam uyğun gəlməyə də bilər. Buna görə də qiymət fərqi təkcə coğrafi yaxınlıqla deyil, xidmət keyfiyyəti, xərclər, bazardakı rəqabət və sahibkarın kommersiya strategiyası ilə müəyyən olunur”.
Cəmilə Cəfərzadə






