media-inshot_20250807_195327627

Sosial mediada tez-tez qarşımıza “7 gündə bədəni təmizlə, artıq çəkidən qurtul!” şəklində reklamlar çıxır.

Detoks çayları günümüzdə həm sağlamlıq simvolu, həm də zəiflik xəyalının mayası kimi təqdim edilir. Amma bu çayların arxasında həqiqətən tibbi əsaslar var, yoxsa biz yenə modanın tələsinə düşürük?

Bəs detoks nədir və bu, çayla mümkündürmü?

Patrulaz.az-ın araşdırmasına görə, “Detoks” sözü “detoksifikasiya”, yəni bədəndəki zərərli maddələrin təmizlənməsi mənasını verir. Bu, təbii olaraq qaraciyər, böyrəklər, dəri və ağciyərlər vasitəsilə bədənimizin hər gün etdiyi bir prosesdir. Yəni bədən detoksu öz-özünə edir. Bəs bu xüsusi qarışıq çaylar nə edir?

Etiketin arxasında gizlənənlər

Detoks çaylarının tərkibində adətən belə bitkilər olur:

Sena – güclü işlədicidir

Yaşıl çay – kofein və antioksidant mənbəyidir

Zəncəfil, limon otu, razyana – mədə üçün sakitləşdirici təsir göstərir

Qara bibər, qara zirə – metabolizmanı sürətləndirici kimi təqdim olunur

Səthi baxışda təbii görünə bilər. Amma bu çayların əksəriyyəti davamlı işləmə, susuzlaşma və bəzən ishal yolu ilə çəkini azaldır. Bu isə arzulanan deyil, təhlükəli bir mexanizmdir.

Zəifləmək, yoxsa susuzlaşmaq?

Çoxları detoks çaylarından sonra çəkisinin “azaldığını” deyir. Əslində isə bu, bədəndəki suyun itirilməsi və bağırsaqların sürətlə boşalması ilə bağlıdır. Bu proses, maddələr mübadiləsinin yaxşılaşması yox, bədənin stress vəziyyətinə düşməsi deməkdir. Əlavə olaraq, bu çayların uzunmüddətli istifadəsi aşağıdakı problemlərə yol aça bilər:

– Mineral balansının pozulması

– Qaraciyər və böyrəkdə zərər

– Asılılıq yaradan işlədici təsir

– Yuxusuzluq və ürək döyüntüləri (xüsusilə kofein tərkibli olanlarda)

Reklamla reallıq arasında uçurum

Dünyanın bir çox diyetoloqları və həkimləri detoks çaylarının elmi olaraq sübut olunmuş heç bir təsiri olmadığını bildirirlər. Məsələn, İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) bu cür məhsulların zəiflətmədiyini, sadəcə mədə-bağırsaq sisteminə müvəqqəti təsir göstərdiyini qeyd edir. Həkimlər vurğulayır ki, bu tip çaylar bəzən dərmanlarla qarşılıqlı təsirə girərək, ciddi fəsadlara səbəb ola bilər.

Sağlamlıq təbliğatı, yoxsa marketinq tələsi?

Bu çayların böyük hissəsi marketinq strategiyası ilə satılır: təsirli qablaşdırma, gözəl bədənə sahib “influencer”lər və “detoks etdikdən sonra həyatım dəyişdi” cümlələri. Amma real nəticələrə gəldikdə, istifadəçilərin əksəriyyəti əzginlik, davamlı olaraq tualet ehtiyacı, yenidən kökəlmə və ən əsası məyusluq yaşayır.

Çünki bədənə real fayda gətirməyən bir sistemə ümid bağlanır, bu isə psixoloji baxımdan da zərərlidir.

Bədənə hörmətli yanaşma nədir?

Əsl detoks su içmək, balanslı qidalanmaq, hərəkətli həyat sürmək, stresdən uzaq durmaq və keyfiyyətli yuxu almaqdır. Heç bir çay və ya kapsul, bu əsasların yerini tuta bilməz. Orqanizm bir maşın və ya təmizlənməyə ehtiyacı olan bir zibil konteyneri deyil. O, özünü tənzimləyə bilən, mükəmməl bir sistemdir. Ona lazım olan tək şey təbii həyat ritminə qaytarılmaqdır.

Ləman Sərraf

 


Bənzər xəbərlər