Diplomatiyada "Ailə foto”sunun mesajı: Liderlər bu yolla nə demək istəyir?
Son dövrlərdə siyasi görüşlərə diqqət yetirdikdə görürük ki, liderlər, o cümlədən siyasətçilər rəsmi səfərlərə və mühüm tədbirlərə tez-tez ailə üzvləri ilə birlikdə qatılırlar. Buna misal olaraq İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkianı, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Usha Vensi, Prezident İlham Əliyevin birinci xanımı Mehriban Əliyeva və qızları ilə birlikdə iştirakı, eləcə də Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun görüşlərdə iştirakı göstərilə bilər.
Bununla yanaşı, görüşlərə tək qatılan liderlər də var.
Maraqlıdır ki, son dövrlər siyasətdə “ailə” faktorundan niyə bu qədər geniş istifadə olunur?
Bu barədə Patrul.az-a politoloq Oqtay Qasımov öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, liderlərin ailə üzvləri ilə birlikdə rəsmi görüşlərdə iştirakı qarşı tərəfə olan səmimiliyini göstərir:
“Dövlət xadimləri və siyasətçilərin bir çox tədbirlərə və yaxud görüşlərə öz ailə üzvləri ilə qatılması yeni bir hadisə deyil. Bu, rast gəlinən praktikadır. Son dövrlərdə bəzi dövlət başçılarının xanımlarının və digər ailə üzvlərinin dəvətə qatılması daha geniş yayılıb. Hesab edirəm ki, liderlərlə birlikdə onların ailə üzvlərinin də görüşlərdə fəal olması daha çox pozitiv məqsəd daşıyır. Bu, liderin qarşı tərəfə səmimilik dərəcəsini göstərən amildir”.
Politoloq Ermənistandan sonra fevralın 10-da Azərbaycanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı ilə birlikdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünə də toxunaraq bildirir ki, bu, hər iki tərəfin bir-birinə olan səmimiyyətinin göstəricisidir:
“Bu baxımdan ABŞ vitse-prezidentinin Ermənistana, daha sonra Azərbaycana səfərində ailə üzvləri ilə birlikdə gəlməsi səmimilik dərəcəsini göstərmək baxımından əlamətdardır. Təbii ki, bir qonağın öz ailəsi ilə gəlməsi Azərbaycan tərəfi – Prezident və xanımı tərəfindən də qarşılıqlı olaraq qiymətləndirildi. Belə görüşlər bu cür addımlarla daha səmimi və konstruktiv fon yaradır”.
Xatırladaq ki, bu gün Devid həyat yoldaşı ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.
Gülbəniz Səfərova






