media-inshot_20250807_213816973

Hər şey bir gözəllik xatirinə başlayır. Bir flakon parıltılı dırnaq boyası, sadəcə kiçik bir toxunuşla əllərə zəriflik, baxımlılıq və bir növ “tamamlanmışlıq” hissi verir. Lakin bu gözəlliyin görünməyən bir üzü var. Dırnaq boyaları və onları təmizləmək üçün istifadə olunan aseton təkcə göz oxşayan rənglər deyil, eyni zamanda sağlamlıq üçün potensial təhlükələr də daşıyır. Estetika uğrunda hansı fədakarlıqları etdiyimizi bəzən gözümüzə görünməyən, amma bədənimizə təsir edən zərərlərlə anlayırıq.

Patrulaz.az bu gözəllik vasitələrinin zərərlərini təqdim edir:

Kimyəvi kokteyl: Dırnaq boyalarının tərkibi

Dırnaq boyalarının tərkibində bir çox kimyəvi maddə yer alır. Onların bəziləri isə bu sahədə çalışan mütəxəssislər tərəfindən “zəhərli üçlük” (toxic trio) adlandırılır: formaldehid, toluen və dibutil ftalat (DBP). Bu maddələrin hər biri ayrı-ayrılıqda müxtəlif sağlamlıq riskləri ilə əlaqələndirilir:

Formaldehid: Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən kanserogen (xərçəngə səbəb ola biləcək maddə) kimi tanınır. Tənəffüs yolu ilə orqanizmə daxil olduqda allergik reaksiyalar və tənəffüs problemləri yarada bilər.

Toluen: Sinir sisteminə zərər verə bilər. Uzunmüddətli istifadəsi baş ağrısı, yorğunluq və hətta yaddaş problemləri ilə nəticələnə bilər.

DBP: Reproduktiv sistemə mənfi təsir göstərə biləcək bir ftalat növüdür və xüsusilə hamilə qadınlarda inkişafda olan dölə zərər verə biləcəyi bildirilir.

Dırnaq boyalarının çəkilməsi zamanı bu maddələrin buxarları tənəffüs edilir. Nəticədə isə bədən bu zərərli maddələri istəmədən qəbul edir.

Aseton: Təmizlik, yoxsa toksin?

Rəngi dəyişmək istədikdə imdadımıza aseton çatır. Tez bir zamanda dırnaqdakı boyanı təmizləyir, lakin özü də sağlamlıq üçün təhlükə siqnalı verir. Aseton:

– Dırnaq səthini qurudur və dırnaqları zəiflədir.

– Dərinin qoruyucu təbəqəsini pozaraq əlləri çatladır, dərini qıcıqlandırır.

– Davamlı inhalyasiya (nəfəsə çəkilmə) nəticəsində başgicəllənmə, baş ağrısı və halsızlıq yarada bilər.

Hətta bəzi araşdırmalarda ev şəraitində davamlı olaraq asetondan istifadə edən şəxslərdə tənəffüs yollarında zədələnmələr və sinir sistemi pozuntuları qeydə alınıb.

Mütəxəssislər nə deyir?

Amerika Dermatologiya Akademiyası (AAD) xəbərdarlıq edir ki, tez-tez və davamlı dırnaq lakı istifadəsi dırnaq strukturunu dəyişdirə və onları qırılmağa meyilli edə bilər. Xüsusilə uşaqlarda və hamilə qadınlarda bu kimyəvi maddələrdən uzaq durmaq tövsiyə olunur.

Dermatoloq Dr. Rachel Nazarian bildirir ki, dırnaq boyaları və təmizləyicilərdəki bəzi maddələr, gündəlik istifadədə bədəndə yavaş-yavaş toplanır. Bu, uzunmüddətli təsirlərin zamanla ortaya çıxmasına səbəb ola bilər.

Bəs nə edilməlidir?

Əgər dırnaq baxımından imtina etmək fikrində deyilsinizsə, bu hallarda zərərsiz alternativlərə keçid vacibdir:

– “5-free” və ya “10-free” kimi etiketli dırnaq boyalarını seçin. Bu məhsullar zərərli kimyəvi maddələrsiz hazırlanır.

– Aseton tərkibli təmizləyicilər əvəzinə bitki əsaslı və ya az toksik maddələrə əsaslanan məhsulları seçin.

– Dırnaqların ara-sıra “nəfəs almağa” ehtiyacı var. Bu, həm dırnaq səthini qoruyar, həm də bədəni kimyəvi yüklənmədən uzaq tutar.

– Məhsulları yaxşı havalandırılan məkanlarda istifadə edin.

Gözəllik zərər verməməlidir

Gözəl görünmək istəyi insanın təbii ehtiyaclarından biridir. Ancaq bu istəyin sağlamlığımız bahasına reallaşmaması üçün şüurlu seçimlər etmək vacibdir. Estetika ilə sağlamlıq arasında balans tapmaq mümkündür. Gözəllik, zəriflik və baxımlılıq sağlamlıqla birgə olmalıdır, yoxsa qısa bir parıltı uzun bir peşmanlığa çevrilə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər