Dişləri nə zaman fırçalamaq lazımdır?
Diş fırçalama vərdişi ağız sağlamlığının sütunu sayılır. Amma çoxları üçün “Nə vaxt fırçalamaq doğrudur?” sualı aktualdır. Sadəcə “gündə iki dəfə” deməklə iş bitmir. Mühüm olan doğru zamanda, düzgün şəkildə fırçalamaqdır.
Səhər yeməyindən əvvəl, yoxsa sonra?

Səhər oyandıqda ağzımız gecə boyunca çoxalan bakteriyalarla dolur. Bu bakteriyalar həm pis qoxunun, həm də kariesin səbəbidir. Diş həkimlərinin tövsiyəsinə görə, səhər yeməyindən əvvəl dişləri fırçalamaq daha doğrudur. Bu, ağızdakı zərərli bakteriyaları təmizləyir və günə daha təmiz başlanğıc verir.
Əgər səhər yeməyindən sonra fırçalamağa üstünlük verirsinizsə, xüsusilə turşulu qidalar (məsələn, portağal suyu, pomidor, sirkə tərkibli yeməklər) qəbul etmisinizsə, fırçalamadan ən az 30 dəqiqə gözləmək lazımdır. Əks halda, diş minası zəifləyə bilər.
Gecə fırçalama niyə bu qədər vacibdir?

Gecə yatmazdan əvvəl dişləri fırçalamaq, bəlkə də günün ən vacib diş təmizliyidir. Çünki gecə boyunca ağızda tüpürcək ifrazı azalır və bu, bakteriyaların daha rahat çoxalmasına şərait yaradır. Əgər ağızda yemək qalırsa, bu bakteriyalar üçün əsl ziyafətə çevrilir. Nəticədə diş çürüməsi, diş daşı və pis ağız qoxusu qaçılmaz olur.
Gün içində qəlyanaltı və şirniyyatlardan sonra nə etməli?

Hamımız bəzən günortalar şirniyyat, meyvə yeyir, bəzən də kiçik qəlyanaltı edirik. Bu zaman hər dəfə diş fırçalamaq mümkün olmasa da, ən azı ağzı su ilə yaxalamaq, şəkərsiz saqqız çeynəmək və ya ağız yaxalama suyuistifadə etmək tövsiyə olunur. Bu, bakteriyaların çoxalmasının qarşısını almağa kömək edər.
Dişləri fırçalayarkən bu səhvləri etməyin
Bəzən “çox fırçalayım ki, daha təmiz olsun” deyə düşünürük, amma bu yanaşma dişlərə zərər vura bilər. Xüsusilə, turşulu içkilərdən dərhal sonra fırçalamaq, sərt şəkildə və kobud diş fırçası ilə fırçalamaq, diş ətinə çox təzyiq göstərmək, diş minasını incəldir, diş ətini zədələyir və hətta diş köklərini açığa çıxara bilər.
Sağlam ağız üçün gündəlik “fırçalama saatı”
Ən ideal fırçalama vaxtları belədir:
1. Səhər yeməyindən əvvəl (ya da sonra, 30 dəqiqə gözləməklə)
2. Gecə yatmazdan əvvəl (mütləq!)
Əlavə olaraq:
-Gündə bir dəfə diş ipi istifadə etməyi unutmayın,
-Dişlərinizi 2 dəqiqə boyunca fırçalayın,
-Fırçanı 3-4 ayda bir dəyişdirin,
-Ağız yaxalama suyu ilə bakteriyalara qarşı əlavə qoruma yaradın.
Diş fırçalama vərdişi, bəlkə də həyatdakı ən sadə, amma ən təsirli sağlamlıq addımıdır. Düzgün zamanda və qaydada fırçalanan dişlər təkcə gözəl gülüş deyil, eyni zamanda ürək, mədə və hətta beyin sağlamlığını da qoruyur.
Ləman Sərraf






