Doğuşdan sonra niyə qadınlar depressiyaya düşür?
Doğuş çox vaxt “möcüzə” kimi təsvir edilir, amma bir çox qadın üçün bu, həm də emosional fırtına dövrüdür. Bəzi analar körpəsini qucağına aldıqdan sonra sevincdən çox, səbəbsiz kədər, yorğunluq və boşluq hissi yaşayır. Bu hal postpartum (doğuş sonrası) depressiya adlanır.
Patrul.az-ın araşdırmasına görə, bu vəziyyətin əsas səbəbləri həm fizioloji, həm də psixoloji amillərlə bağlıdır. Doğuşdan sonra bədəndə estrogen və progestron hormonları sürətlə azalır, bu da beynin kimyasını dəyişir və əhval pozğunluğuna səbəb olur. Yuxusuzluq, fiziki ağrılar və yeni körpəyə uyğunlaşma da bu gərginliyi artırır.
Bundan əlavə, qadın cəmiyyətdə “mükəmməl ana” obrazının təzyiqi altına düşür. Ətrafdakı “hamı bacarır, sən niyə çətinlik çəkirsən?” kimi münasibətlər qadının motivasiyasını daha da aşağı salır. Halbuki bu vəziyyət zəiflik deyil, təbii bir psixoloji reaksiyadır.
Əgər doğuşdan sonra uzunmüddətli kədər, motivasiyasızlıq, körpəyə qarşı duyğusuzluq və ya özünü günahlandırma hissi yaranırsa, bu artıq “sadəcə yorğunluq” deyil, mütəxəssis yardımı vacibdir.
Ana olmaq, qadının yenidən doğulması kimidir. Amma bəzən bu doğuluşun özü ağrılı keçir. Qadının emosional bərpası da bədən qədər diqqət tələb edir. Çünki xoşbəxt ana, xoşbəxt körpə deməkdir.
Ləman Sərraf






