“Dövlət başçısının çıxışı XXII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizi dünyaya təqdim etdi”- ŞƏRH
“XXII Qlobal Bakı Forumunun açılışında Azərbaycan Prezidenti proqram xarakterli çıxış etdi, çox mühüm məsələlərə toxundu. Bu məsələlər həm qlobal əhəmiyyətli, həm də regionla sıx əlaqədər idi. Dövlət başçısı bir çox məqamlarla bağlı Azərbaycanın sərgilədiyi fəaliyyət haqqında məlumat verdi. Ölkə rəhbəri başlıca olaraq bu gün Azərbaycanın artan rolundan danışdı, COP29-un yüksək səviyyədə təşkil olunmasını vurğuladı. Eyni zamanda COP29 ərəfəsində ölkəmizə qarşı bir sıra dairələrin qərəzli yanaşmaları da xatırlandı”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, ABŞ Dövlət Departamentinin təsiri altında olan qurumlar ölkəmizə qarşı sistemli şəkildə qərəzli mövqe sərgiləyirlər: “Eyni zamanda Fransa prezident adminstrasiyasının tərkibində olanda Fransa KİV-i də Azərbaycana qarşı anti-reklam kampaniyasının fəal iştirakçıları idi. Azərbaycan Prezidenti sözügedən KİV-lərin adlarını da dəqiqliklə səsləndirdi.
Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın roluna da ölkə Prezidenti toxundu. Azərbaycanın hərəkata dörd illik rəhbərliyi dövründə görülən işlər Covid-19 pandemiyası dövrünə təsadüf etdiyi üçün Azərbaycanın həyata keçirdiyi təşəbbüslərinə toxundu. Sözsüz ki, dünya ictimaiyyətinin bütün bunlardan xəbəri var idi. Amma yenə də ölkə rəhbəri bütün bunları xatırlatmaqla, Azərbaycanın mühüm roluna diqqət çəkmiş oldu. Bu da Azərbaycana olan münasibəti daha da yaxşılaşdırır, beynəlxalq imicini yüksəldir. Dövlət başçısı Avropanın enerji bazarında oynadığı rola da toxundu.
Eyni zamanda Ermənistanın qeyri-konstruktiv addımlarına da ölkə başçısının çıxışında yer verildi. Dövlət rəhbəri bildirdi ki, Ermənistana etibar yoxdur və onlar hər zaman öz mövqelərində saxta olublar. Bu gün də sülh ritorikasında Ermənistan dürüstlükdən çox uzaqdır. Azərbaycan dövlət başçısı bildirdi ki, Ermənistanın törətdiyi cinayətləri unutmuruq.
Azərbaycan dövlət başçısı bir çox məsələlərdə mövqeyimizi bildirməsi, XXII Qlobal Bakı Forumu kimi mötəbər tədbir çərçivəsində bir daha ölkəmizi dünyaya təqdim etdi. Sözsüz ki, Azərbaycanın bu və ya digər məsələlər ilə bağlı gözləntiləri də ifadə olundu. Bütün bunlar gələcəktə Azərbaycanla təmasların qurulmasında mühüm rol oynayacaq”.
Səbinə Hüseynli