“Dövlət səviyyəsində edilən qarşılıqlı səfərlər ölkələrimizi daha da yaxınlaşdırır“ - ŞƏRH OLUNDU
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diploimatik əlaqələrin yaranmasının 33 ili tamam olub. Amma xalqlarımız arasındakı dostluq və əməkdaşlığın daha böyük tarixi var”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan qədim İpək Yolunun üzərində yerləşdiyindən uzun illər əvvəl ölkələrimiz arasında ticari və mədəni əlaqələr formalaşmışdır: “ Bu gün isə müstəqil Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığının hüquqi bazasını təşkil edən bir çox sənədlər imzalanıb. Dövlət başçılarımız arasında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərimizi daha da dərinləşdirmişdir.
İki apreldə Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvi, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul etmiş və ölkələrimiz arası əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparmışdır.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, Orta Dəhliz və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıldı.
Keçən ilin noyabrında Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Kommunist Partiyası ilə əməkdaşlığın dərinləşdirilməsinə dair memorandum imzalanmışdır. Ölkələrimiz arasında münasibətlər hökumətlərarası, parlamentlərarası və iqtidarda olan siyasi partiyalar arasında formalaşmış və inkişaf edir. Dövlət səviyyəsində edilən qarşılıqlı səfərlər ölkələrimizi daha da yaxınlaşdırır və əməkdaşlığımıza yeni impuls verir”.
Səbinə Hüseynli