İsrailin dəstəklədiyi druzlar Suriyada hakimiyyəti devirə bilərmi? - Politoloqdan AÇIQLAMA
Suriyada “Druz” adlı etnik azlıq ilə Əhməd Əş-Şaraa rəhbərliyindəki Mərkəzi Suriya Hökuməti arasında şiddətli toqquşmalar geniş miqyas almağa başlayıb. Belə ki, vaxtilə Bəşər Əsədi devirən və İsrail hökumətinin dəstəklədiyi Suriyanın cənubunda yerləşən druzlar indi də yeni hakimiyyətə qarşı çıxırlar.
Son məlumatlara görə, Suriya hökuməti druzların yaşadığı Suveyda şəhərinə qüvvələr göndərsə də, bu qüvvələr geri çəkilməyə məcbur olub və şəhər druzların nəzarətinə keçib. Bununla yanaşı, Suriya hökumətinin druzlara qarşı mövqeyi İsrail hakimiyyətini də hərəkətə gətirib. Belə ki, İsrail Müdafiə Qüvvələri druzlara dəstək məqsədilə Dəməşq çölündə yerləşən Katana şəhərinə daxil olub. İsrailin Baş naziri Benyamin Netanyahu da Suriyada baş verənlərə reaksiya verərək, Suriya rəsmi hökumətinin Dəməşqin cənubunu ələ keçirməsinə icazə verilməyəcəyini bildirib.
Baş verən proseslərə Suriya Prezidentinə dəstək verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. O, Suriya rəhbəri Əhməd Əş-Şaraa ilə baş tutan telefon danışığında Türkiyənin hər cür dəstəyə hazır olduğunu qeyd edib.

Maraqlıdır ki, Suriyada baş verən gərgin proseslər nəticəsində yeni qurulmuş, Əhməd Əş-Şaraa tərəfindən idarə olunan Suriya hökuməti yenidən devrilə bilərmi?
Bu barədə Patrulaz.az-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, lider ölkələrin Əş-Şaraa hökumətinə verdiyi dəstək nəzərə alınsa, yaxın zamanda onun hakimiyyətinin devrilməsi real görünmür:

“Suriyada druz azlığının hüquqları və muxtariyyət tələbləri Dəməşq hakimiyyətinin qarşısında duran ən ciddi problemlərdən biridir. Ölkədə hələ də keçmiş PKK, YPG və PYD terror təşkilatının formalaşdırdığı Suriya Demokratik Güclər (SDG) tərkisilah olunaraq Suriya mərkəzi hakimiyyətinin nəzarəti altına keçəcəklərini bildirsə də, bu proses hələ tam başa çatmayıb. Suriya rəsmiləri bu istiqamətdə səylərini davam etdirdiklərini vurğulayıblar.
Mərkəzi hakimiyyəti narahat edən əsas məsələ isə druzların mövqeyidir. Onlar Suriyada geniş səlahiyyətli muxtariyyət tələb edir, bəziləri isə açıq şəkildə müstəqil dövlət çağırışları ilə çıxış edirlər. Bu cür iddialar, xüsusən də yeni formalaşmış Əhməd Əş-Şaraa hökuməti üçün ciddi çağırış yaradır. Çünki ABŞ və bəzi ərəb ölkələri yeni Suriya hökumətinə dəstək verəcəklərini açıqlayıblar”.

Politoloq yeni qurulmuş Suriya hökumətinin mövqeyini gücləndirdiyini vurğulayaraq, hazırkı təzyiqlər əsasında yaxın zamanda onun devrilməsinin mümkün olmadığını bildirib:
“Əhməd Əş-Şaraa son aylarda ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd İbn Salmanla keçirdiyi görüşlər vasitəsilə regionda nüfuzunu artırmaqda davam edir. Bu görüşlər həm də yeni Suriya hökumətinə verilən beynəlxalq dəstəyin əlaməti kimi təqdim olunur. Buna baxmayaraq, Suriyada yeni hökumətin devrilməsi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Lakin hazırda Əş-Şaraa rəhbərliyi ölkədə sabitliyi qorumağa və ərazi bütövlüyü uğrunda mübarizəyə davam edəcəyini açıq şəkildə bildirib. Onu hakimiyyətə gətirən beynəlxalq qüvvələrin verdiyi təminatlar da yaxın müddətdə hökumətin devrilməsi ehtimalını zəiflədən amillər sırasındadır”.
Qeyd edək ki, Druzlar əsasən Suriya, Livan, İsrail və İordaniyada yaşayan ərəb mənşəli dini azlıqdır. Onlar XI əsrdə ismaililikdən ayrılaraq özünəməxsus təriqət formalaşdırıblar. Druz inancı gizli dini-fəlsəfi sistemə əsaslanır və yalnız seçilmişlərə açıqdır.
Druzların İsrail ilə münasibətləri isə mürəkkəbdir. İsraildə yaşayan druzlar ölkənin vətəndaşıdır, orduda xidmət edirlər və dövlətə sadiq qrup kimi tanınırlar. Bu münasibət Suriya və Livandakı druz icmaları ilə ziddiyyət yaradır, çünki onlar daha çox ərəb milli kimliyinə bağlıdırlar və İsraillə yaxınlaşmanı qəbul etmirlər. İndi isə Suriyanın cənubunda baş verən gərgin proseslər nəticəsində İsraildə yaşayan druzlar Suriyadakı olan druzlara dəstək vermək üçün ayağa da qalxıblar. Məhz buna görə də İsrail Suriya hökumətinin druzlara olan mövqeyinə qarşı çıxaraq, onları dəstəkləyir.

Gülbəniz Səfərova






