Dumanlı hava və halsızlıq: Həkimdən tövsiyələr
Son günlər müşahidə olunan dumanlı hava şəraiti bir çox insanın özünü halsız və süst hiss etməsinə səbəb olur. Xüsusilə sağlamlığı zəif olan şəxslər bu dövrdə gündəlik fəaliyyətlərində çətinlik yaşadıqlarını bildirirlər.
Bəs dumanlı hava niyə insanlarda halsızlıq yaradır və bu vəziyyətdən qorunmaq üçün nə etmək lazımdır?
Bu barədə terapevt Etibar Süleymanov Patrul.az -a açıqlamasında bildirib ki, dumanlı hava adətən təhlükəsiz olsa da, meteohəssas və arterial təzyiq problemi olan insanlarda əlamətləri gücləndirə bilər:
“Dumanlı hava insanların böyük əksəriyyəti üçün ciddi problem yaratmır. Lakin meteohəssas insanlar, xüsusilə arterial təzyiqi olanlar və səhhəti hava şəraitindən asılı olan şəxslər üçün müəyyən təsirlər göstərə bilər. Belə havalarda təzyiqin qalxıb-enməsi, baş ağrıları, halsızlıq və yorğunluq kimi əlamətlər kəskinləşə bilər”.

Həkim həmçinin vurğulayıb ki, dəyişkən dumanlı hava geyim seçimini çətinləşdirir və soyuqdəymə riskini artırır:
“Bu səbəbdən həmin şəxslərə hava şəraiti dəyişkən olduqda açıq havada uzun müddət qalmamaq və arterial təzyiqlərinə mütəmadi nəzarət etmək tövsiyə olunur. Dumanlı havanın ilin bu mövsümündə tez-tez dəyişməsi geyim rejiminin düzgün seçilməsini çətinləşdirir. Gün ərzində havanın gah isti, gah da soyuq olması isə soyuqdəymə hallarının artmasına səbəb ola bilər. Ümumilikdə isə bu cür havaların ciddi sağlamlıq riski yaratdığını deyə bilmərik”.
Cəmilə Cəfərzadə






