media-inshot_20260408_175106174

Son dövrlərdə İranın neft satışında dollardan imtina etməsi ilə bağlı qərarları beynəlxalq maliyyə sistemində yeni müzakirələrə səbəb olub. Qlobal enerji ticarətində uzun illərdir əsas hesablaşma valyutası olan ABŞ dollarının mövqeyi bu cür addımlar fonunda yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə sanksiyalar altında olan ölkələrin alternativ ödəniş mexanizmlərinə yönəlməsi, qlobal bazarda valyuta balansına təsir edə biləcək amillərdən biri kimi qiymətləndirilir.

Bu kontekstdə belə bir sual yaranır: İranın neft satışında dollardan imtina etməsi ABŞ dollarının qlobal dominantlığına və ABŞ iqtisadiyyatının dayanıqlığına real təsir göstərə bilərmi?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, İranın neft satışında ABŞ dollarından imtinası qlobal sistemə simvolik təsir göstərsə də, dolların dominantlığını real şəkildə sarsıtmaq gücündə deyil:

“İranın neft satışında dollardan imtina etməsi nəzəri olaraq ABŞ dollarının qlobal roluna qarşı addım kimi görünür, amma praktik təsiri məhdud qalır. Bunun əsas səbəbi odur ki, qlobal neft ticarətinin böyük hissəsi hələ də dollarla aparılır və bu sistem yalnız bir ölkənin qərarı ilə dəyişmir.

ABŞ dollarının dominantlığı təkcə neftlə bağlı deyil. Bu, ABŞ iqtisadiyyatının ölçüsü, maliyyə bazarlarının dərinliyi, beynəlxalq ticarət sistemində rolu və investorların etimadı ilə bağlıdır. Dollar həm də dünya üzrə ehtiyat valyuta kimi geniş istifadə olunur. Bu səbəbdən İran kimi sanksiyalar altında olan və qlobal bazarda payı məhdud ölkənin alternativ valyutalara keçməsi ümumi sistemi ciddi şəkildə sarsıtmır”.

media-img-20260408-wa0067

İqtisadçı qeyd edir ki, İranın bu addımı qısa müddətdə ABŞ dollarının mövqeyinə ciddi təsir etməsə də, uzunmüddətli perspektivdə alternativ maliyyə sistemlərinin formalaşmasına zəmin yarada bilər:

“Bununla belə, bu cür addımların simvolik və uzunmüddətli təsiri ola bilər. Əgər daha böyük neft ixracatçıları və ya əsas iqtisadiyyatlar da eyni yolu seçsə, o zaman dolların rolu tədricən zəifləyə bilər. Yəni təsir tək bir ölkədən deyil, daha geniş koalisiyadan asılıdır.

Yəni, İranın bu addımı ABŞ dollarının qlobal dominantlığına qısa müddətdə ciddi təsir göstərmir və ABŞ iqtisadiyyatının dayanıqlığını sarsıtmır, amma uzunmüddətli perspektivdə alternativ sistemlərin formalaşmasına kiçik də olsa töhfə verə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər