Dünya nüvə fəlakətinin astanasında: İsrail İranda atom stansiyasını hədəfə aldı, radiasiya qorxusu başladı
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar çərçivəsində 18 mart 2026-cı il tarixində İranın Buşehr Atom Elektrik Stansiyasının (AES) ərazisinə raket zərbəsi endirilib.
Patrul.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr Bölməsi məlumat yayıb.
Açıqlamada bildirilir ki, Fars körfəzi sahilində yerləşən Buşehr AES hədəfə alınsa da, stansiyaya ciddi ziyan dəyməyib, itki və ya maddi zərər qeydə alınmayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Rusiyanın “Rosatom” şirkəti də ərazidə radiasiya səviyyəsinin normal olduğunu təsdiqləyib.
BAEA-nın baş direktoru Rafael Qrossi tərəfləri maksimum təmkinli olmağa çağıraraq nüvə obyektlərinin hədəfə alınmasının regional təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayıb.
İran tərəfi isə nüvə obyektlərinə yönələn hücumların beynəlxalq hüququn, o cümlədən Cenevrə Konvensiyalarına əlavə protokolların kobud şəkildə pozulması olduğunu vurğulayıb.
Rəsmilər bildiriblər ki, Buşehr kimi strateji nüvə obyektinə hücum təkcə İran üçün deyil, Fars körfəzi regionunda yerləşən digər ölkələr üçün də ciddi təhlükə yaradır və potensial nəticələri genişmiqyaslı ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, nüvə infrastrukturlarının hədəfə alınması müharibədə yeni və təhlükəli mərhələnin göstəricisidir. Belə obyektlərdə mümkün zədələnmə və ya sızma regional, hətta qlobal ekoloji fəsadlara səbəb ola bilər.
Məlumat üçün bildirək ki, Buşehr AES İranın ilk və ən mühüm mülki nüvə enerji obyektidir.
Ekspertlər xəbərdarlıq edirlər ki, reaktor və ya soyutma sistemlərinə ciddi zərər dəyəcəyi halda bu, Çernobıl və ya Fukusima tipli böyük miqyaslı fəlakət riski yarada bilər. Belə bir ssenaridə radiasiya külək və su axınları vasitəsilə Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və Qətər kimi qonşu ölkələrə yayıla, regionun su ehtiyatlarına ciddi ziyan vura bilər.
Hadisə həm siyasi, həm də ekoloji baxımdan son dərəcə həssas hesab olunur və beynəlxalq ictimaiyyətdə nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.






