Dünya üzrə ən çox satış rekordu qıran kitablar
Kitablar təkcə söz daşıyıcısı deyil, həm də cəmiyyətləri, nəsilləri formalaşdıran güclü vasitələrdir. Bəziləri isə oxucuların həyatına o qədər nüfuz edir ki, milyonlarla satılaraq ədəbi tarixə damğa vurur.
Patrulaz.az dünyada ən çox satılan və yadda qalan 5 əsəri təqdim edir:
Harri Potter” seriyası – Coan Roulinq

1997-ci ildə başlayan bu sehrli dünya bu gün artıq 600 milyondan çox nüsxə ilə satış rekordları qırıb. “Harri Potter və Filosof Daşı” ilə başlayan seriya uşaqlardan tutmuş böyüklərə qədər geniş auditoriya qazandı. Sehr, dostluq, sevgi və mübarizə motivləri ilə dolu bu əsərlər bütün dövrlərin ən uğurlu fantastika seriyasına çevrilib.
“Don Kixot” – Migel de Servantes

İlk dəfə 1605-ci ildə çap olunan “Don Kixot” dünya ədəbiyyatının əvəzolunmaz incilərindəndir. 500 milyondan çox nüsxə satılan bu əsərdə idealizm və reallıq arasında get-gəllər, bir cəngavərin xəyallar dünyasında apardığı mübarizə tənqidi və yumorla təqdim olunur. Roman təkcə ispan ədəbiyyatının deyil, bütün bəşəriyyətin mirası hesab olunur.
“Balaca Şahzadə” – Antuan de Sent-Ekzüperi

Fransız pilot və yazıçı Antuan de Sent-Ekzüperinin yazdığı “Balaca Şahzadə” həm böyüklər, həm də uşaqlar üçün dərin fəlsəfi anlamlar daşıyan bir əsərdir. 200 milyondan çox nüsxə ilə satılan bu kitab, sevgi, təkəbbür, məsuliyyət və böyümək kimi mövzuları sadə, lakin təsirli dillə izah edir. Bu əsər, oxucunu öz iç dünyasına səyahətə aparır.
“İki Şəhərin Hekayəsi” – Çarlz Dikkens

Fransa inqilabının fonunda baş verən hadisələri təsvir edən bu roman 200 milyondan çox nüsxə ilə dünyanın ən çox satılan romanlarından biridir. London və Parisin timsalında dəyişən zamanların, sevginin, fədakarlığın və sosial ədalətsizliyin rəmzinə çevrilən bu əsər, “Bu, ən yaxşı zaman, bu, ən pis zaman idi…” cümləsi ilə ədəbi tarixə düşüb.
“Sonra Onlardan Heç Kim Qalmadı” – Aqata Kristi

Əvvəllər “On Zənci Balası” adı ilə tanınan bu əsər Aqata Kristinin ən məşhur detektiv romanıdır. 100 milyondan çox satılıb və bu gün də oxucularını gərginlik içində saxlayan güclü süjet xətti ilə fərqlənir. On nəfərin bir adada tələyə düşməsi və bir-bir yoxa çıxması ətrafında qurulan bu əsər detektiv ədəbiyyatının şah nümunələrindəndir.
Bu əsərləri birləşdirən əsas cəhət onların insan psixologiyasına, cəmiyyətə və dəyərlərə toxunmasıdır. Onlar oxucuya sadəcə hekayə danışmır, həm də düşündürür, dəyişdirir və iz qoyur.
Kitab sadəcə oxunan deyil, yaşanan bir dünyadır. Bu siyahıdakı əsərlər, həmin dünyaların qapısını milyonlarla insan üçün açıb.
Ləman Sərraf






