media-inshot_20260123_144219527

“Bu gün bir çox beynəlxalq və yerli şirkətlər ilkin seçim mərhələsində süni intellekt əsaslı müsahibə və qiymətləndirmə sistemlərindən istifadə edir. Bu texnologiyalar namizədin danışıq tərzini, söz seçimini, səs tonunu, mimika və davranışlarını, hətta bəzən reaksiyaların sürətini analiz edərək müəyyən psixoloji göstəricilər haqqında nəticə çıxarmağa çalışır. Yəni proses tamamilə uydurma deyil və elmi-texniki əsaslara söykənir. Süni intellekt böyük məlumat bazaları üzərində öyrədildiyi üçün müəyyən davranış nümunələrini tanıya və statistik ehtimallar əsasında proqnoz verə bilir. Lakin burada çox vacib bir məqam var: süni intellekt insanın psixoloji vəziyyətini “dəyərləndirə” bilər, amma onu “tam başa düşə” bilməz”.

Bu fikirləri Patrul.az-a açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov səsləndirib.

O bildirib ki, psixoloji durum yalnız müşahidə olunan davranışlardan ibarət deyil:

“İnsanın daxili motivasiyası, stressə düşdüyü anın səbəbi, şəxsi həyatında yaşadığı hadisələr, mədəni kontekst və emosional fon kimi amillər texnologiya tərəfindən ya ümumiyyətlə nəzərə alınmır, ya da səthi şəkildə modelləşdirilir. Bu isə o deməkdir ki, süni intellektin verdiyi nəticə ehtimala əsaslanan texniki rəy xarakteri daşıyır, klinik və ya dərin psixoloji qiymətləndirmə səviyyəsində qəbul edilə bilməz. Risklər əsasən buradan başlayır. Əgər şirkətlər bu cür sistemləri insan mütəxəssisin rəyini tam əvəz edən son qərar mexanizmi kimi istifadə edərsə, bu, yanlış seçimlərə və ədalətsiz nəticələrə yol aça bilər. Məsələn, sosial həyəcanı olan, lakin yüksək peşəkar bacarıqlara sahib bir namizəd süni intellekt tərəfindən “uyğunsuz” kimi qiymətləndirilə bilər. Eyni zamanda, mədəni və dil fərqləri də ciddi risk yaradır: bir cəmiyyətdə normal qəbul edilən davranış başqa bir kontekstdə səhv interpretasiya oluna bilər”.

media-img-20260123-wa0030

Digər mühüm riskin etik və hüquqi sahə ilə bağlı olduğunu söyləyən psixoloq, namizədlərin psixoloji xüsusiyyətlərinin onların açıq razılığı və şəffaf məlumatlandırma olmadan texnologiya vasitəsilə təhlil edilməsinin şəxsi həyatın toxunulmazlığı prinsipinə zidd olduğunu vurğulayıb:

“İnsan özünün hansı meyarlara görə dəyərləndirildiyini bilmirsə və bu qərara etiraz etmək imkanı yoxdursa, proses etibarlılığını itirir. Psixoloji qiymətləndirmə şəffaflıq, peşəkarlıq və məsuliyyət tələb edən sahədir, bu isə təkcə alqoritmlərlə təmin edilə bilməz. Bu səbəbdən də, süni intellekt işə qəbul prosesində köməkçi alət kimi faydalı ola bilər, amma onu insan psixoloqunun, HR mütəxəssisinin və ya müsahibə aparan peşəkarın yerinə qoymaq düzgün deyil. Ən sağlam yanaşma texnologiya ilə insan faktorunun balanslı şəkildə birləşdirilməsidir. Psixologiya mexaniki ölçülərdən ibarət deyil; bu sahədə empatiya, kontekst və insani anlayış hələ uzun müddət əvəzolunmaz olaraq qalacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər